Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:00

«Şikayət etdim, barəmdə cinayət işi açdılar…»


Hamının «Baksovet» dediyi şəhər icra hakimiyyətinin bir səlahiyyətli şəxsinin qəbuluna düşə bilmədik
Hamının «Baksovet» dediyi şəhər icra hakimiyyətinin bir səlahiyyətli şəxsinin qəbuluna düşə bilmədik
Bakı Şəhər İcra hakimiyyətinin qəbul otağında dərdinə əlac tapmaq istəyənlər onları qəbul edəcək şəxsləri səbirlə gözləyirdilər. Dövlət qurumlarının qəbul otaqlarının 6 ildi ki, daimi sakininə çevrildiyini deyən Esmira Məmmədovanın sözlərinə görə, nə o şikayət etməkdən bezib, nə də məmurlar onun məktublarına cavab verməkdən…

«Prezident Aparatının qəbuluna hər gün gedib məktub verirəm. Sabahısı məktuba cavab üçün gəlirəm. Heç nə mümkün deyil Azərbaycanda. Şikayətinə baxan yoxdu».

Esmira Məmmədova deyir ki, onların evi qəzalı olduğundan sökülüb, indi qalıb çöllərdə. Çantasından əl qalınlığında kağız-kuğuz çıxarıb onların şikayət ərizəsi və onlara verilən rəsmi cavab olduğunu söylədi. Esmira Məmmədova hesab edir ki, məmurlar şikayətçilərə yaxşı münasibət göstərmirlər:

«Şikayət elədim, barəmdə cinayət işi açdılar. Adamın başını belə qatırlar. Şikayət eləyənə yaxşı baxmırlar. Döyürlər, incidirlər».

Ailə üzvləri arasında 9 əlil olduğunu, yalnız ünvanlı sosial yardımla dolanan və 18 nəfərin üç otağa yığışdığından ev problemiylə üzləşdiyini deyən Susanna İslamzadə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşmək yolunu tapıb.

«Ya qapıda tuturam, ya da gedib kişinin qəbri üstündə tuturam. Neyləməyliəm?..»
Şikayətçi xanım deyir ki, yerli icra hakimiyyəti onun problemini həll etmək istəyir, amma mer Hacıbala Abutalıbov onun ərizəsinin üstünə bircə kəlmə «etiraz etmirəm» sözünü yazmalıdı.

«Yazmalıdı ki, «etiraz etmirəm». Mən başqa şey istəmirəm ki, deyirəm ərizəmin üstünə bircə kəlmə bunu yaz».
Biz icra hakimiyyətinin qəbul otağına baş çəkdiyimiz gün, yəni cümə axşamı İcra hakimiyyətinin Aparat rəhbəri Bəxtiyar Fərəcbəylinin qəbul saatıydı. Amma qəbul otağının mühafizəçiləri dedilər ki, o, məzuniyyətdədi və onu heç kim əvəz etmir:

«- Bəs başqa kimin qəbuludu?

- Heç kimin?

- Qəbul otağına kim baxır?

- Tahir müəllim. Amma o, indi yoxdu. Nahara çıxıb».

Amma nahar vaxtına yarım saatdan çox vaxt qalırdı. Elə qəbul otağındaca icra hakimiyyətinin mətbuat xidmətiylə əlaqə saxladım. Oradan isə dedilər ki, qəbul qaydalarıyla bağlı yalnız Tahir müəllimdən məlumat ala bilərəm. Günorta saat 1-də isə mühafizəçilər hamını çölə çıxarıb nahardan sonra gəlməyi xahiş etdilər.
Nahardan sonra Tahir müəllimlə əlaqə saxladıq. Amma o, sualımızı dinləmək istəməyib mətbuat xidmətiylə əlaqə saxlamağımızı istədi:

«- Siz mətbuat xidmətinə zəng edin.

-Tahir müləllim, biz əlaqə saxladıq, dedilər ki, qəbul qaydalarıyla bağlı siz cavab verməlisiniz…

- Yox, siz ora deyin, sağ olun…»

Beləliklə, biz də hamının «Baksovet» dediyi şəhər icra hakimiyyətinin bir səlahiyyətli şəxsinin qəbuluna düşə bilmədik. Heç telefonla da…
XS
SM
MD
LG