Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26
«Saat 3-ə işləyir, 1-in yarısından buradayam. Qəbul eləmədi ki, ikidə gəl...»

Bayaqdan əlindəki ərizələrlə sağa, sola var-gəl edən yaşlı qadın deyəsən, hövsələdən çıxıb...

Avqustun 13-ü Daxili İşlər Nazirliyində qəbul günü deyil, amma qəbula bu gün də yazılmaq olar. Mavi cildli qovluğu sinəsinə sıxıb durmuş çalsaçlı, ortayaşlı bir kişi mikrofonu görən kimi özü yaxınlaşır. Özünü Mehman Cəfərov kimi təqdim edir, deyir ki, oğlunu iki il qabaq qanunsuz tutublar, beş il veriblər. Həmin gündən bu nazirliyə ayaq döyür, ancaq qəbula düşə bilmir:

«Burada nə qəbul var, nə də qəbul edən, burada nə nazir var, nə də Daxili İşlər nazirliyi. Burada sadəcə, bir quru bina var. Avropa Şurasının Baş katibi mənə şəxsən müsyo Mehman Cəfərov deyə məktub yazıb, amma buradakı qurumlar mənə cavab vermirlər. Burada camaatı heç qarışqa yerinə qoyan da yoxdur».

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ehsan Zahidov isə deyir ki, heç də hamını nazirlə görüşdürmək mümkün olmur. Ancaq nazirin daxili tapşırığı var ki, vətəndaşların şikayətlərinə həssas yanaşılsın.

Bakıda onlarla nazirlik var ki, qarşısında qəbul günləri xeyli adam yığışır, adamlar ya şöbə müdirləri, ya da elə nazirin özüylə görüşmək istəyirlər. Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, bir neçə il əvvəl qəbula yazılmaq da olmurdu, adamları hökumət idarələrində süründürürdülər. Amma indi birinci şəxslərlə alınmasa da, şöbə müdirləri səviyyəsində görüş alınır. Amma məsələ burasındadır ki, çox vaxt şikayətçinin istəyi təmin olunmur, onu ya get-gələ salırlar, ya da başqa idarələrə yönəldirlər. Bir sözlə, şahın kəsdiyi 9 axça təqaüdünü məmurlardan ala bilməyən Füzuli kimi, barat adamdan utanır, adam da baratdan.

«Şəffaflıq Azərbaycan» təşkilatının hüquqşünası Yusif Ağayev deyir ki, onlara da xeyli belə şikayət daxil olur. Hətta elə adam var ki, onu qəbula yazdırmaq üçün nazirliklərdəki aşağı rütbəli məmurlar pul alıb, vasitəçilik də edirlər. Amma Y.Ağayev deyir ki, vətəndaşla maraqlanmayan məmura dərs vermək mümkündür:

«Əgər vətəndaşı qəbul etmirlərsə, ya da nədənsə narazıdırsa, məhkəməyə müraciət hüququ var. Sadəcə, Azərbaycan vətəndaşlarında məhkəməyə inam yoxdur».

Amerikada adamlar nazirliyin qapısına getməyi xoşlamırlar. Birincisi, əsasən, problemlər yerindəcə həll olunur, yuxarı qalxmır, həll olunmayanda da adamlar özlərinə vəkil tuturlar. Vəkil tutmağa pulu olmayanlar isə ictimai hüquq müdafiəçilərinə müraciət edirlər. Bunları «Azadlıq» radiosuna Birləşmiş Ştatların Beynəlxalq Jurnalistika Mərkəzinin ölkə direktoru Çarlz Rays danışır:

«Sən internet sayta girib, e-mail vasitəsilə öz müraciətini edə bilərsən, sənə təsdiq məktubu gələcək. Bundan başqa, öz konqresmeninlə, parlamentin üzvü ilə əlaqə saxlaya bilərsən. Əksər amerikalılar elə bu cür də edirlər. 24 saat ərzində şikayətinə cavab gəlir».

Əslində, rəsmi Bakının da hədəfi Amerikada olduğu kimi, hökumətlə vətəndaşların arasında internet vasitəsilə bu cür təmassız, şəffaf sistem yaratmaqdır. Bu il «Elektron Azərbaycan 2004-2008» layihəsi başa çatır. Amma bu layihədə nəzərdə tutulan elektron hökumət proqramı hələ qəbul olunmayıb. Multimedia Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, indi bir neçə nazirliyin, Prezident Aparatının internet saytından müraciət göndərmək olar, amma bu azdır:

«Ortaya iradə qoymaq, bu prosesi sürətləndirmək lazımdır. Büdcədən bu işə pul da ayrılır».

Amerika Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair son hesabatında deyilir ki, hökumət tez-tez əlçatmaz mövqedə olur, məmurlar informasiya sorğularına, müraciətlərinə şablon şəkildə rədd cavabı verirlər.

Şərhləri göstər

XS
SM
MD
LG