Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

«MSK Kommunist Partiyasını xatırladır»


«Prezident seçkisi alternativsizdi. Ciddi rəqabət yoxdur. Demək MSK-da rəqabət gözləmək sadəlöhvlükdür»

«Prezident seçkisi alternativsizdi. Ciddi rəqabət yoxdur. Demək MSK-da rəqabət gözləmək sadəlöhvlükdür»

Deyəsən, prezident seçkisində də Mərkəzi Seçki Komissiyası (MSK) tam tərkibdə fəaliyyət göstərə bilməyəcək. Hər halda bundan əvvəl təkrar, yeni və ilk dəfə formalaşan bələdiyyələrə keçirilən seçkilərdə MSK-dakı yerlərdən ikisi boş qalmışdı. İndi də parlament tətildə olduğundan o yerlərə nə vaxt nümayəndə veriləcəyi bilinmir. Məsələ burasındadır ki, həm Müsavat bu quruma nümayəndə verməkdən imtina edib, həm də parlamentdə azlıqda qalan partiyaların payına düşən bitərəf yer baş qalıb.
MSK-da fəaliyyət göstərən 16 üzvdən altısı hakim Yeni Azərbaycan Partiyasının, beşi bitərəflərin, dördü də parlamentdə azlıqda qalan partiyaların payına düşür. Müsavat Partiyası Seçki Departamentinin katibi Gülağa Aslan deyir ki, komissiyalar paritet əsasda formalaşmadığından onların quruma bir və ya iki nümayəndə göndərməsi vəziyyəti dəyişməyəcəkdi. Onun sözlərinə görə, parlamentdə azlıqda qalan partiyaların Komissiyaya göndərdiyi nümayəndələr indi heç orda müxalifətin görüntüsünü belə yarada bilmirlər:
«Mənə bir qərar rast gəlməyib ki, onun qəbulunda kimsə bitərəf qalıb və ya əleyhinə səs verib. MSK Kommunist Partiyası zamanı fəaliyyət göstərən komissiyaları yada salır. Bu, Azərbaycana baş ucalığı gətirməyəcək».
Mərkəzi Seçki Komissiyasında parlamentdəki azlığın təmsilçilərindən «Ümid» Partiyasının nümayəndəsi Akif Qurbanov isə iclaslarda alternativ fikirlərin səslənməməsi haqda deyilənlərlə razılaşmır:
«Şəxsən mən təlimatların müzakirəsi zamanı bir sıra məsələlərlə bağlı etirazlarımı bildirmişəm. Elə olub ki, qərarların əleyhinə də səs vermişəm».

MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, müxalifət partiyaları arasında xüsusi fərqləndirmə aparmaq düzgün deyil:
«Bunlar özlərini müxalifət hesab edib, başqalarını müxalifət saymırlarsa onlara hörmətsizlik edirlər».
«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, kimin nə deməsindən və ya necə düşünməsindən asılı olmayaraq Mərkəzi Seçki Komissiyasının mövcud tərkibi prezident seçkisinə qatılan qüvvələrin siyasi mənzərəsini özündə ehtiva edir. Onun sözlərinə görə, bu prezident seçkisində necə rəqabət olacaqsa, Komissiyada da qərarların qəbulu zamanı həmin vəziyyət əks olunacaq:
«Prezident seçkisi alternativsizdi. Ciddi rəqabət yoxdur. Demək MSK-da rəqabət gözləmək sadəlöhvlükdür».
Rauf Mirqədirov deyir ki, Mərkəzi Seçki Komissiyasının bundan əvvəlki tərkibində tez-tez alternativ fikirlərin səslənməsi təsadüf deyildi. Onun sözlərinə görə, həmin vaxt bu qurumda seçkilərə rəqabət gətirən siyasi qüvvələrin az da olsa təmsilçiləri fəaliyyət göstərirdilər.
XS
SM
MD
LG