Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

«Balalarımı da, özümü də Qız Qalasından tullayacam»


«Hamıdan axırda gəlib, keçir qabağa. Nazirlər Kabinetindən tapşırıqla gəlib»

«Hamıdan axırda gəlib, keçir qabağa. Nazirlər Kabinetindən tapşırıqla gəlib»

Hələ qəbula azı 40 dəqiqə var, amma indidən nazirliyin qəbul otağında oturmağa yer yoxdur, 20-dən çox adam var. Səhiyyə Nazirliyinə çoxdan şikayətə gəlib–gedənlər artıq köhnə tanışlar kimi astadan hal-əhval da tuturlar. Təzə tanış olanlar da var. Xumarə müəllimənin 21 yaşlı oğlu qan xərçəngidir:

«Oğlum Sankt-Peterburq şəhərindədir, 100 min dollar pul keçirilməsə, əməliyyat etməyəcəklər».

Xumarə Dadaşova Qax rayonundan gəlib, deyir ki, avtobusdan düşən kimi nazirliyə üz tutub. Dekabrdan bəri xəstəxanaların yollarındandır, deyir ki, ev-eşiklərini satıb oğlunun müalicəsinə sərf ediblər, ancaq çarə tapılmayıb. Heydər Əliyev Fondunun göndərişiylə xəstəxanaya gediblər, ona ancaq pulsuz bint veriblər. Səhiyyə Nazirliyinə keçən aydan gəlir:

«Mənə deyirlər ki, bütün həkimlər məzuniyyətdədir. Bu da elə xəstəlikdir ki, hər anı ölümdür».

Bir azdan biləcəyik ki, nazirlik Xumarə müəlliməyə nə cavab verəcək. Amma qəbul otağındakı cavan qız elə indidən proqnozunu verir:

«Boş şeydir, mən neçə dəfə sənədləri vermişəm, ucuz dərmanları verirlər».

Qəbul otağı Səhiyyə Nazirliyinin sözün əsl mənasında dibidir. Mərmər döşəməli, iri salonlu, kondisionerli nazirlik otaqlarından xeyli fərqli. Girişi arxa qapıdan, pəncərəsiz, isti, üstəlik, dərdli...Otağın yeganə mebeli - uzun masanın ətrafında taburetkalar düzüblər.

Hər dəfə polis qapını açanda içəri sərin hava dolur. Mühafizə xidməti şikayətçiləri bir–bir içəri ötürür. Bu gün iki - Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin və Kadrlar şöbəsinin müdiri Kəmalə Mehdiyevanın qəbulu var. Saat 4-ə qalsa da, Sultan Əliyevin qəbulu hələ başlamayıb. Az keçmiş məlum olur ki, Sultan Əliyev məzuniyyətdədir, onu müavini Dadaş Hümbətov əvəz edəcək. Amma Kəmalə Mehdiyevə işə vaxtında başlayıb.

Daha sonra məlum olur ki, içəri növbəsiz keçənlər var:

«Hamıdan axırda gəlib, keçir qabağa. Nazirlər Kabinetindən tapşırıqla gəlib».

Amma danışanlara məhəl qoyan tapılmır, danışıb-danışıb sakitləşirlər.
Şikayətçilərin arasında ortayaşlı bir xanım var, heç dinib-danışmır, gözlərini eləcə bir nöqtəyə zilləyib oturub. Qəbuldakılar danışırlar ki, həmin xanım üç ildir gəlib-gedir, oğlu xəstədir:

- Nədəndir şikayətin?
- Heç şikayətim var. Axırıncı dəfədir gəlirəm.
- Neçə ildir ki, gəlirsiz?
- Üç ildir…

Bilmirəm, təsadüfdür, ya nədir, artıq otaqdakı üçüncü qadındır ki, oğlunu yorğan–döşəkdə qoyub yardım dalınca gəlib. Otağın ən yaşlı görünən sakini Xədicə Teyyubovanın oğlunun bir böyrəyi fəaliyyətini dayandırıb, illərdir ki, dializ xəstəsidir.

Xədicə xala istəyir ki, hökumət oğluna böyrək köçürülməsinə kömək etsin:

«İstəyirəm Qız Qalasının üstünə çıxım balalarımı da, özümü də tullayım aşağı. Donor da tapmışam, kömək etmirlər…»

Başımız söhbətə qarışıb, qəbula girənlər bir-bir bayıra çıxırlar. Qəbul otağında saat yarımdan bəri ilk gülüş səsini eşidirəm:

- İşlər deyəsən, düzəlib, gülürsüz...
- Acığımdan gülürəm.
- Nə dedilər ki?
- Heç nə, get-gələ salır…

Oğlu qan xəstəsi olan Xumarə müəllimə də əli ətəyindən uzun çıxır:

«Dedi ki, get komissiyadan keç. Hamı məzuniyyətdədir. Mən nə edəcəm, 21 yaşında uşaq göz görə-görə əldən gedir».

Şikayətçilərin arasında bircə xanım razı qalıb:

«Yaxşıdır, kömək edəcəklər».

Beləcə, bayırdan xeyli əzəmətli görünən Səhiyyə Nazirliyinin qəbul otağında bir gün yavaş –yavaş başa çatır. Bakıda isə bu gün onlarla belə qəbul otağı var.

Şərhləri göstər

XS
SM
MD
LG