Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

«İndi gərək Qərb Gürcüstanı axıra qədər müdafiə etsin»


Tbilisidə Respublika meydanında etiraz aksiyası, 11 avqust 2008

Tbilisidə Respublika meydanında etiraz aksiyası, 11 avqust 2008

«Bəyanatlar vermişdim ki, Azərbaycanda NATO bazalarını yerləşdirək. Azərbaycanda Türkiyə silahlı birləşmələrini yerləşdirək. Türkiyə ilə hərbi müqavilələr bağlayaq. Heç birini etmədik. Yoxsa indi belə təhlükə ilə üzləşməzdik…»
Bunu xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir. Onun sözlərinə görə, hələ 1999-cu ildə Azərbaycan hakimiyyəti Amerika Birləşmiş Ştatlarına NATO hərbi bazalarının öz ərazisində yerləşməsinə razı olduğu haqda xəbərlər göndəribmiş. Ancaq buna müsbət cavab almayıblar:

«İndi gərək Qərb Gürcüstanı axıra qədər müdafiə etsin. İmkan verməsin ki, Rusiya Saakaşvilini devirib orada öz canişinini təyin etsin. Belə olsa Orta Asiyaya, Azərbaycana bunun böyük zərbəsi dəyəcək…»

Vəfa Quluzadənin sözlərinə görə, son hadisələr göstərir ki, Rusiya Gürcüstanla müharibəyə çoxdan hazırlaşırmış. Keçmiş dövlət müşavirinə görə, Rusiya bununla demək istəyir ki, Qafqazda onun dediyi olmasa, heç kimin də dediyi olmayacaq. Elə bu üzdən də Gürcüstan vasitəsi ilə gerçəkləşdirilən layihələr təhlükəyə düşür.

Vəfa Quluzadə hesab edir ki, Bakı-Novorossiysk kəməri də heç də texniki səbəblərdən bağlanmayıb. Onun sözlərinə görə, Rusiya Gürcüstan müharibəsi həm Azərbaycan enerjisinin Qərbə daşınmasının, həm də bütünlükdə Azərbaycanın müstəqilliyini təhlükə altına atır.

Başqa bir politoloq Zərdüşt Əlizadə də deyir ki, Gürcüstanın Cənubi Osetiyada məğlubiyyəti Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq arzularını puça çıxarır:

«İndi Osetiya, Abxaziya münaqişəsinin necə həll edilməsindən asılı olaraq Qarabağ münaqişəsinə elə yanaşacaqlar».

Azərbaycanın strateji seçimi ilə bağlı isə Zərdüşt Əlizadənin fikirləri Vəfa Quluzadinin dediklərindən xeyli fərqlənir. Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan hökuməti əvvəlcədən nəzərə almalıydı ki, öz enerjisinin Gürcüstan vasitəsi ilə ötürülməsi təhlükəlidir. Politoloq deyir ki, Azərbaycan gərək alternativ marşrutlar haqqında da düşünəydi. Zərdüşt Əlizadə deyir ki, Cənubi Osetiya ətrafında silahlı münaqişə heç də Azərbaycanı blokadaya salmır. Onun sözlərinə görə, Azərbaycanın İranla da, Rusiya ilə də yaxşı münasibətləri var.

İndi görək sıravi vətəndaşların fikirləri necə bu fərqli mövqelərin hansısı ilə daha çox səsləşir?
«Bakı-Tbilisi-Ceyhan ordan keçir. Problem olsa neftin nəqli dayanacaq;
Bizə nə problem. O Saakaşvili çox atılıb-düşürdü cavabın aldı;
Gürcüstan Osetiyanı azad etsəydi bu, Qarabağ münaqişəsinin həlli üçün pilləkən idi;
Rusiya keçmiş SSRİ məkanını nəzarətə götürmək istəyə bilər. Bu baxımdan Azərbaycan üçün də təhlükəlidir…» Bu Bakı sakinlərinin münasibətidir.

Şərhləri göstər

XS
SM
MD
LG