Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:04

Onlarla adam sualına cavab axtarır…


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına üz tutanların da əksəriyyəti imtahanın nəticələrindən şikayətçidirlər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına üz tutanların da əksəriyyəti imtahanın nəticələrindən şikayətçidirlər
Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin qarşısında onlarla adam öz sualına cavab axtarır:
«Qızım 580 bal yığıb, amma heç yerə daxil ola bilməyib, belə şey olar?
«Kod sürüşüb. «Abituriyent» jurnalında göstərilən kodla bu siyahıdakı kod üst-üstə düşmür».
Təxminən bir həftə əvvəl ali məktəblərə qəbul imtahanlarının cavabları açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) üz tutanların da əksəriyyəti imtahanın nəticələrindən şikayətçi düşənlərdi:

«Uşağım 267 bal toplayıb, amma onun verdiyi ixtisasa 250 bal toplayanı salıblar, onu salmayıblar. Bu necə olur?»
Şikayətçilər komissiyanın qarşısına toplaşıblar. Heç bir növbə yoxdu. Kim kimi itələdi, kim kimdən bir az fərasətli çıxdı, qabağa keçib içəri girirdi.
Dəmir hasarın bu üzündəkilər qəbul otağına düşmək üçün içəridəkilərin çıxmağını gözləməliydi. Qəbul otağında isə adamlar növbəylə qəbul olunurdu
Sualına cavab tapan da varıydı:

«Gəlmişdim öyrənəm ki, texnikumların siyahısı çıxıbmı? Onlara nə vaxt sənəd vermək olar. Cavab verdilər;
«Mən gəlmişdim öyrənəm ki, uşağım rus bölməsini bitirib, imtahan verib. İndi Azərbaycan dilli texnikuma girə bilərmi? Dedilər olmaz. Niyə olmur axı?..»

TQDK-nın qarşısında ali məktəblərin siyahısı, keçid ballarının əks olunduğu kitabça satanlar da varıydı. Amma onlar mikrofonu görən kimi alıcılarla sövdələşməni saxladılar.

TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə deyir ki, qurumun qarşısında kitabça satan səyyar satıcılar onların əməkdaşı deyillər və heç cur onlarla bacarmırlar. Elnur Nağızadə deyir ki, onların satdıqları kitabçalar heç də etibarlı məlumat mənbəyi deyil. Məsələn, «Abituriyent» jurnalındakı ali məktəblərin kodları bəzən bu kitabçalarda göstərilən kodlarla üst-üstə düşmür. Elnur Nağızadənin sözlərinə görə, onlara edilən müraciətlərin əksəriyyəti texniki xarakter daşıyır:
«Bizə verilən sualların əksəriyyətinin cavabını «Abituriyent» jurnalında tapmaq olar. Amma valideynlər jurnalı əllərinə alıb gəlirlər bizim üstümüzə».

Elnur Nağızadə deyir ki, imtahanın nəticələri açıqlanandan sonra kütləvi müraciətlər olduğu üçün bütün şöbə rəisləri və əməkdaşları sualları cavablandırmaq üçün qəbul otağında otururlar.
Elnur Nağızadənin sözlərinə görə, imtahan nəticələrindən narazı qalanların şikayətlərini araşdırmaq üçün Apelyasiya Komissiyası da fəaliyyət göstərir. Müsahibimiz deyir ki, bəzi yüksək bal toplayan abituriyentlərin ali məktəbə qəbul ola bilməməsi onların ixtisas seçimiylə bağlıdır.

Həftənin iki günü isə TQDK-nın sədri Məleykə Abbaszadənin qəbul günü olur. Amma Elnur Nağızadə deyir ki, belə kütləvi müraciətlər zamanı ehtiyac yarananda sədr özü də qəbul otağına düşüb müraciət edən vətəndaşlarla görüşür.
XS
SM
MD
LG