Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

«Neft ölkələrinin avtoritarlarına cavab verilməlidir»


«Azadlıq» radiosunun geopolitik məsələlər üzrə eksperti Daniel Kimmic

«Azadlıq» radiosunun geopolitik məsələlər üzrə eksperti Daniel Kimmic

«SSRİ dağılandan sonra keçmiş sovet ölkələriylə Qərbin münasibətlərində dominantlıq edən keçid paradiqması idi. Qərb hər şeyə bu paradiqma əsasında yanaşırdı. ATƏT kimi təşkilatların, Qərbin maliyyələşdirdiyi proqramların əsasını qoyan məhz keçid paradiqması oldu».
«Azadlıq» radiosunun geopolitik məsələlər üzrə eksperti Daniel Kimmic belə deyir. Onun sözlərinə görə, bu paradiqmaya əsasən keçmiş sovet ölkələrinin islahat həvəsi, arzusu böyükdür:
«Qərbə görə, post-sovet ölkələri islahatların köməyi ilə repressiv, kommunist keçmişdən demokratik siyasət və azad bazarın mövcud olduğu gələcəyə doğru irəliləmək istəyirlər».

Kimmic deyir ki, keçid paradiqmasına görə, avtoritarizm nəticə deyil, keçmişin qalığıdır. Və bəzi keçmiş sovet ölkələri bu modelə uyğun gəlir, amma Azərbaycan yox.
Şərhçi Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın fərqli olduğunu yazır. Onun fikrincə, hökumətin hərəkətlərindən, liderlərin çıxışlarına qədər - hər şey Rusiya, yaxud da Azərbaycanın keçid paradiqmasına uyğun gəlmədiyini göstərir:
«Neft pulları bir ucdan axır, üfüqdə qat-qat artıq pullar görünürsə, hökumət əl-qolunu niyə bağlasın ki? Niyə qanuna güc verib gəlirlərini itirsin? Niyə ədalətli seçki keçirib hakimiyyəti əldən versin? Enerji ehtiyacları günü-gündən artan demokratik ölkələrin siyasətçiləri niyə enerji mənbələriylə ədavət aparsınlar ki? Özü də enerji uğrunda mübarizənin azğınlaşdığı bir dövrdə…»
Daniel Kimmic deyir ki, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiyayla bağlı yeni paradiqmaya ehtiyac var. Bu yeni paradiqma reallıqdan yaranır:
«Keçid dövrü qurtarıb. İndi avtoritarizmdir. Acgöz elita neftdən gələn pulların üstündə oturub, siyasi arenanı idarə edir, saxta seçki keçirib, başqasının hakimiyyətə gəlməyinə imkan vermir. İslahat aparmaq niyyəti yoxdur. Neft ölkəsinin elitası Qərbin nə eşitmək istədiyini yaxşı bilir, forumlarda lazım olanları deyir. Amma öz səsini də get-gedə qaldırır».
Şərhçi yazır ki, bu faktorlar keçmiş sovet ölkələriylə münasibətdə yeni paradiqmanı formalaşdıracaq. Yeni paradiqmanın necə olacağı məlum deyil, amma olacaqsa, bəzi məsələlər nəzərə alınmalıdır:
«Keçid» bəhanəsinə, yalana son qoyulmalıdır. Neft ölkələrinin avtoritarları səslərini qaldırırlarsa, onlara cavab verilməlidir. İntellektual əks-hücum olmalıdır. Demokratiyanın avtoritarizmdən yaxşı olduğunu, niyə yaxşı olduğunu izah edən açıq, ciddi çıxışlar olmalıdır».
Daniel Kimmic bildirir ki, neft avtoritarizminin iflasından sonrakı mərhələ üçün hazır planlara ehtiyac var:
«Neft dövləti yıxılanda çox vaxt, belə deyək «güclü avtoritarizmə» çevrilir. Bu isə on illərlə davam edə bilər. Amma avtoritar siyasətin birinci qaydası odur ki, avtoritarizm tam möhkəmlik, sabitlik deməkdir, sabitlik olmayana qədər. Neft avtoritarizmi fəlakətli dərəcədə səhv yolla gedə bilər. Bunun nəticəsini mümkün qədər tez anlasaq yaxşıdır. Söhbət institutları zəif, siyasəti qeyri-demokratik olan, iqtisadiyyatı neft və qaza əsaslanan ölkələrdən gedirsə, biz gələcək barədə əminliklə danışa bilmərik».
Şərhçi hesab edir ki, demokratiyanı inkişaf etdirmək üçün yeni strategiya olmalıdır. Bir də, milli maraqların nəzərə alınması vacibdir:
«Qərb inandırmalıdır ki, sözün əsil mənasında, demokratiyanın yayılmasına çalışır. Aydın izah etməlidir ki, demokratiya Qərbin də maraqlarına uyğundur. Dövlətlər arasında əlaqələr ümumi dəyərlər əsasında qurulur…»
Bu, «Azadlıq» radiosunun geopolitik məsələlər üzrə eksperti Daniel Kimmicin şəxsi fikirləridir.
XS
SM
MD
LG