Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

«Hakimiyyət bəzi namizədlərə imza toplayacaq»


Seçki Məcəlləsinə görə, qeydiyyat üçün hər bir namizəd ən azı 60 dairədə 40 min imza toplamalıdır
Seçki Məcəlləsinə görə, qeydiyyat üçün hər bir namizəd ən azı 60 dairədə 40 min imza toplamalıdır
Prezidentliyə namizədliyini irəli sürən şəxslərin əksəriyyətinin lazımi imzaları toplayacaqları o qədər də real görünmür. Bunu «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir.
Seçki Məcəlləsinə görə, qeydiyyat üçün hər bir namizəd ən azı 60 dairədə 40 min imza toplamalıdır. Həmin dairələrin də hər birindən ən azı 50 səs yığılmalıdır. Üstəlik, parlament və bələdiyyə seçkilərindən fərqli olaraq prezident seçkisində bir şəxs yalnız bir namizədin qeydiyyatı üçün imza verə bilər.

Azər Rəşidoğlu deyir ki, prezidentdən başqa, namizədliyini irəli sürənlər ya cəmiyyətin az tanıdığı şəxslər, ya da ölkənin heç də bütün ərazilərində yerli təşkilatları olmayan partiya sədrləridir:

«Ötən seçkilərə nəzər yetirək. Onda bəziləri üçün hakimiyyət imza topladı, onlar üçün komissiyalara nümayəndə verdi. Bu dəfə də belə olacaq. Onların nə qeydiyyat, nə də bütün məntəqələrdə təmsil olunmaq üçün kifayət qədər gücləri yoxdur».

Azər Rəşidoğlunun sözlərinə görə, əsas müxalifət partiyaları seçkiləri boykot etdiyindən bu, hakimiyyətə seçkinin alternativ keçdiyini bəyan etmək üçün lazımdır.

Ötən prezident seçkisində iştirak etmiş və bu dəfə də namizədliyini irəli sürən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə deyir ki, onların icra strukturlarının köməyinə ehtiyacları yoxdur:

«Mən bunu qeyri-məqbul hesab edirəm. Biz 40 min imzanı öz hesabımıza toplayacağıq».

Baxmayaraq ki, Qüdrət Həsənquliyev də etiraf edir ki, onun rəhbərlik etdiyi partiyanın heç də bütün rayonlarda yerli təşkilatları yoxdur.

Cəmi 30-dan çox rayonda yerli təşkilatları olan Yaşıllar Partiyasının həmsədri, prezidentliyə namizədliyini irəli sürən Mais Güləliyev isə deyir ki, onlar lazımi imzaları, lazım olduğu qaydada toplamaq üçün vertikal strukturlar yaradırlar:

«10 nəfərdən ibarət kurator seçilib. Hər kuratorun yanında 9-10 nəfər nümayəndə var. Onlar təqribən 100 dairədə imza toplanması işini həyata keçirəcəklər».

Seçki mütəxəssisi Anar Məmmədli isə deyir ki, depozitin ləğvi prezident seçkisində iştirak edən şəxslərin imkanlarını xeyli məhdudlaşdırır:

«Hər halda mən depozitin ləğvini məhdudlaşdırıcı hal kimi dəyərləndirirəm. Bu, geriyə addımdır».

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, 2003-cü ildən fərqli olaraq bu dəfə əhali seçkiyə bir o qədər də maraq göstərmir. Üstəlik, əhali arasında xof var.

A.Rəşidoğlunun sözlərinə görə, bütün bu amillər də prezidentliyə namizədliyini irəli sürən şəxslərin lazımi miqdarda imza toplamaq işini çətinləşdirir. Onun fikrincə, nə geniş xalq təbəqələrinin, nə də hakimiyyətin müdafiə etməyəcəyi namizədliyini irəli sürən şəxslər çətin bu işin öhdəsindən gəlsinlər.
XS
SM
MD
LG