Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:04

Nazirlikdə də xərclərin çoxluğundan şübhələnirlər


«Ümumiyyətlə, tikintidi, yoldu, kanalizasiyadı, bu sahələrdə həmişə şişirtmələr olub»
«Ümumiyyətlə, tikintidi, yoldu, kanalizasiyadı, bu sahələrdə həmişə şişirtmələr olub»
«Bəzi dövlət qurumlarının və nazirliklərin layihələri şişirtməsilə bağlı müstəqil ekspertlərin məlumatlarını axır ki, prezident də təsdiqlədi». Bu fikirlər Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıla məxsusdu. O, deyir ki, indiyə qədər hazırladıqları rəylər və hesabatlarda bu barədə dəfələrlə söz açıblar. Ölkə başçısının bu məsələyə münasibət bildirməsini isə qurum rəhbəri daha çox son iki ildə həmin şişirtmələrin əndazəni aşmasıyla izah edir. Bəs prezidentin öz sözləri ilə desək, o, «şişirdilmiş arzulardan kənar olun» mesajını hansı dövlət qurumlarına ünvanlayıb. Zöhrab İsmayıl deyir ki, əslində bu xəbərdarlıq bütün dövlət qurumlarına aiddir. Amma ən çox maliyyə şişirdilmələrinin açıq-aşkar göründüyü bir neçə sahə var:

«Ən çox şişirdilmələr nəqliyyatda, su ehtiyatları və irriqasiyada, o cümlədən mədəniyyət obyektlərinin təmiri və bərpasında müşahidə olunur».

Z.İsmayılın sozlərinə görə, bu hal çox sahələrdə var. Məktəb tikintisindən tutmuş, idman komplekslərinin inşasına qədər.
Görəsən, bu şişirtmələr, təmir işlərinə bir rayonun illik büdcəsindən üç dəfə çox - təxminən 48 milyon manat pul ayrılan Respublika Sarayı və daha bu kimi obyektlərə də aiddirmi?

Zöhrab İsmayıl hesab edir ki, bu, çətin ki, belə olsun. O, bunu daha çox bəzi məmurlara edilən xəbərdarlığa oxşadır. Respublika Sarayı və digər obyektlərin təmirinə ayrılan vəsaitlərə gəlincə, həmsöhbətim inanmır ki, prezident bu məsələlələri nəzərdə tutsun:

«Çünki prezident həmin sahələrə ayrılan pulları özü təsdiqləyir. Yəni özü hər şeydən xəbərdardır».

Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov da təmir-tikinti layihələrində şişirtmələrin həmişə mövcud olduğunu deyir:

«Ümumiyyətlə, tikintidi, yoldu, kanalizasiyadı, bu sahələrdə həmişə şişirtmələr olub».

Millət vəkili hesab edir ki, şişirtmələr əsasən görüləcək işlərdə gözlənilən xətaları sığortalamağa və mənimsəmələrə yönələn bir addımdı.

Vahid Əhmədov deyir ki, görünür, layihələrdəki şişirtmələrlə bağlı prezidentə ya Hesablama Palatası, ya da Maliyyə Nazirliyindən konkret faktlar təqdim olunub ki, o da belə xəbərdarlıq edir. Amma millət vəkili bildirir ki, bəzən elə layihələr olur ki, orda şişirtmələri üzə çıxarmaq xeyli çətin olur.

Yol çəkilişi və təmiri ilə bağlı ən iri layihələri həyata keçirən Nəqliyyat Nazirliyi daha çox ittiham olunsa da, orada bununla razılaşmırlar. Nazirliyin Yoltikintiservis Departamentinin əməkdaşı Vaqif Hacıyev deyir ki, bəzən özləri də xərclərin çoxluğundan şübhələnirlər:

«Amma təkrar-təkrar yoxlayanda məlum olur ki, bu, daha çox inflyasiya, alınan texnikanın bahalığı ilə bağlıdır».
Bu baxımdan da Vaqif Hacıyev layihələrin şişirdilməsilə bağlı prezidentin xəbərdarlığını Nəqliyyat Nazirliyinə aid etmir:
«Çünki bu məsələyə nəzarət edən qurumlar var. Burda şişirtmələrə yol vermək mümkün deyil».

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl iri layihələr həyata keçirən dövlət qurumlarına prezidentin xəbərdarlığını müsbət qiymətləndirir. Ancaq deyir ki, sonda bu layihələri ölkə başçısı özü təsdiqlədiyindən o, şişirdilən layihələri geri qaytarmaq hüququna da malikdir. Mərkəz rəhbəri ümid edir ki, bu layihələr nə vaxtsa təftiş olunacaq. O, bu qədər büdcə vəsaitlərinin hara və necə xərclənməsinin həmişə qaranlıq qalacağına inanmır.
XS
SM
MD
LG