Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:45

«O vaxt belə xof yox idi»


«Yəni burda artıq Şekspir sualını səsləndirməli oluruq: Ya ölüm, ya da olum»
«Yəni burda artıq Şekspir sualını səsləndirməli oluruq: Ya ölüm, ya da olum»
«Mən həqiqət hesab etdiklərimin yalnız 30 faizini yaza bilirəm. Birincisi, özümə, ikincisi, ailəmə, üçüncüsü də çalışdığım qəzetlərin rəhbərliyinə görə qorxuram…»

Bunu «Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı deyir.

Azərbaycanda isə artıq senzuranın - yəni Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsinin ləğvindən 10 il keçir.
Zamin Hacı deyir ki, 10 il əvvəl Azərbaycanda rəsmən senzura olsa da, nə mətbuatda, nə də bütünlükdə cəmiyyətdə xof var idi. Onun fikrincə, insanlar istədiyini danışır, jurnalistlər də istədiklərini yazmağa çalışırdılar. Hərçənd o, yada salır ki, bəzən senzura onların yazılarını qayçılamalı olurdu. Əvvəllər senzuranın çıxartdığı hissələr elə ağ qalırdısa da, sonradan buna imkan verilmədi.

Ancaq Z.Hacının deməsinə görə, o, bilirdi ki, dolayı yolla dedikləri cəmiyyətdə böyük effekt doğurur. Onun sözlərinə görə, 1998-ci il prezident seçkisindən sonra qəzetlərə qarşı məhkəmə iddialarının işə düşməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi və ən nəhayət, Elmar Hüseynovun öldürülməsi jurnalistləri artıq ciddi seçim qarşısında qoyub:

«Yəni burda artıq Şekspir sualını səsləndirməli oluruq: Ya ölüm, ya da olum. Burada nə həbs, nə məhkəmə cərimələrindən yox, artıq insan taleyindən söhbət gedir. Bu, ciddi senzura yaradır».

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə deyir ki, senzuranın 10 il əvvəl ləğvi söz və mətbuat azadlığına böyük töhfə oldu. Ancaq onun sözlərinə görə, indi hər bir jurnalistin daxilində elə senzura olmalıdır:

«Bu, vicdanın senzurasıdır, bu, sözün məsuliyyətinin dərkidir».

Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsinə cəmi 20 gün rəhbərlik edən Ərəstun Oruclu isə deyir ki, əslində senzura hələ sovetlər dövründə mövcud idi. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra artıq həmin idarəyə ehtiyac görülməyib. Ancaq 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra prezident Əbülfəz Elçibəy hərbi sirlərin qorunması məqsədi ilə Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsinin işinin gücləndirilməsi ilə bağlı sərəncam verib. İyunun 6-da həmin idarəyə rəhbər təyin edilən Ərəstun Oruclu həmin ayın 25-də də o vəzifədən uzaqlaşdırılıb.
Ərəstun Oruclu deyir ki, həmin vaxtdan ləğv edilənə qədər senzura tək dövlət sirlərinin yox, həm də hakimiyyətin qorunmasına xidmət edib. Onun sözlərinə görə, indi tək məhkəmə hökmləri, jurnalistlərin döyülməsi, öldürülməsi deyil, üstəlik, bəzi qəzetlərin oliqarxlardan asılı vəziyyətə düşməsi də senzuranı şərtləndirən amillərdir. Və bu, iqtisadi senzura yaradır:

«Deyir, pulu kim verir, mahnını da o sifariş verir. Təəssüf ki, indi bir çox mətbuat oliqarxların döyüş poliqonuna çevrilib».
Ərəstun Oruclu deyir ki, mətbuat özü-özünü dolandırmasa, iqtisadi senzuradan qurtara bilməyəcək. Lap mətbuata birbaşa təzyiqlər dayansa belə.
XS
SM
MD
LG