Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

«Ölkədaxili məhkəmələrdə ədalət yoxdur»


Məhkəmə şikayətlərin ən çox ünvanlandığı sahədir

Məhkəmə şikayətlərin ən çox ünvanlandığı sahədir

2005-ci ildən bu günə kimi məhkəmələrə ayaq döyən Elman Daşdanov şikayət sənədlərini qalaq-qalaq yığıb saxlayır. O, məhkəməyə mülkiyyət hüququnun pozulmasıyla bağlı şikayət verib, əvəzində iddiaçının adına iki cinayət işi açılıb.

Məhkəmələrdəki süründürməçilikdən yorulan Elman Daşdanov müxtəlif qurumlara da müraciət edib:

«88 dəfə Zakir Qaralova müraciət etmişəm, özünün qəbulunda olmuşam».

«Şəffaflıq Azərbaycan» Təşkilatına Elman Daşdanov kimi şikayətçilər tez-tez müraciət edir. Təşkilatın sonuncu hesabatından bəlli olur ki, məhkəmə şikayətlərin ən çox ünvanlandığı sahədir. Ötən rüb bu beynəlxalq quruma Bakıdan 34, Gəncədən 94, Lənkərandan 8, Qubadan 69, Şəkidən 33 nəfər məhkəmədən narazılığını bildirib.

Hüquqlarını müdafiə etmək üçün məhkəməyə şikayət verib nəticədən narazı qalanlar təkcə sıravi vətəndaşlar deyil. Bir müddət əvvəl bir qrup hüquqşünas Tarif Şurasının qiymətləri qaldırması qərarına etiraz edib qurumu məhkəməyə vermişdi. Daha sonra Bakıda və rayonlarda ağacların kəsilməsinə qarşı çıxan hüquqşünaslar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və icra hakimiyyətlərindən şikayət etmişdilər. Bu kimi şikayətlərə məhkəmənin reaksiyası isə işləri icraata götürməməkdən ibarət olub. Hüquqşünas İntiqam Əliyev bunları deyir. Onun fikrincə, Azərbaycanda vətəndaşların məhkəməyə çatımlılıq sahəsində ciddi problemləri var:

«Ölkədaxili məhkəmələrdə ədalət yoxdur. O yerdə ki, dövlət qurumlarının, vəzifəli şəxsin, pullu adamların maraqlarına toxunur, həmin şikayətləri, iddiaları udmaq çox çətin olur. Bu, xüsusilə siyasi hüquqlarla bağlı işlərdə daha çətindir. Toplaşmaq, birləşmək, ayrı-seçkiliyə, işgəncələrə məruz qalmamaq, mülkiyyət hüququyla bağlı məhkəmələrdə ədalətin bərpa olunması faktiki olaraq ciddi problemə çevrilib».

Ali Məhkəmənin spiker hakimi Əsəd Mirzəliyev isə deyir ki, ötən illərlə müqayisədə apellyasiya şikayətlərinin sayı artıb. Bunun səbəblərindən biri isə bölgələrdə apellyasiya instansiya məhkəmələrinin yaradılmasıdır. Hakim deyir ki, müraciətlərin əksəriyyəti vətəndaşların mənzil mübahisələri, boşanmalarla bağlıdır.

Şikayətçi Elman Daşdanovun məhkəmə işi üç ildir ki, uzanır. Hakim Əsəd Mirzəliyev deyir ki, şikayətlərə baxılmanın müəyyən müddəti olduğu üçün işlər əsasən obyektiv səbəblər üzündən yubana bilər:

«Hansısa hakim subyektiv səbəbdən işi yubadıbsa, tərəflər bundan şikayət edə bilərlər».

Hüquqlarının pozulmasından şikayətçi vətəndaşlar bəzən məhkəmə əvəzinə müxtəlif nazirliklərə, dövlət qurumlarına müraciət edirlər. Hüquqşünas İntiqam Əliyevin fikrincə, məhkəmədə vətəndaşın hüququ pozulursa və hansısa quruma müraciət etdikdən sonra onun hüququ qorunursa, bu, anormal haldır:

«Azərbaycan hökuməti məhkəmələrin normal işləməsini təmin etməlidir».

Hakim Əsəd Mirzəliyevsə hesab edir ki, vətəndaşların başqa qurumlara şikayət etməsi məhkəmənin ədalətsizliyinə dəlalət etmir:

«Bu, o demək deyil ki, şikayətlərə bütün hallarda ya baxılmır, ya da münasibət bildirilmir. Bütün hallarda o şikayət araşdırılır. Onun hamısının da prosessual müddətləri var. Amma bəzən vətəndaş uyğun instansiyaya müraciət etmir. Məsələn, işdən çıxarılan vətəndaş işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək əvəzinə, başqa qurumlara müraciət edir. Son nəticədə iddia müddətini də ötürür».

Azərbaycan məhkəmələrini bir-bir dolaşan şikayətçi Elman Daşdanovsa hüquqlarını bərpa edənədək inadından əl çəkməyəcəyini deyir. O, ölkə daxilində problemi həll edilməyəcəyi təqdirdə Avropa Məhkəməsinə müraciət etməkdə israrlıdır.

Şərhləri göstər

XS
SM
MD
LG