Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:01

«Mən bunları qurtarmış hesab edirəm»


«Qərar verməyə nə var ki?»
«Qərar verməyə nə var ki?»
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu prezident seçkisində namizədliyini irəli sürə bilər. Bu barədə «Azadlıq» radiosuna onun özü məlumat verib. R.Arifoğlu deyib ki, Müsavat Partiyası seçkini boykot etməklə İlham Əliyevin qarşısından kənara çəkilib. Onun sözlərinə görə, qarşısına dinc məqsədlərlə hakimiyyətə gəlmək məqsədini qoyan partiyanın seçkidən imtina etməsi absurddur. Ancaq Arifoğlu qərar verməkdə tərəddüd etdiyini də dilə gətirib. Baş redaktor deyib ki, seçkiyə çox az vaxt qalmış Müsavat Partiyası rəhbərliyinin belə bir qərar verməsi onun kimi düşünən insanları seytnot vəziyyətinə salıb:

«Qərar verməyə nə var ki? Mən hazıram qərar verməyə. Ancaq problem vaxt və gərəkən hazırlıqla bağlıdır. Təbliğatı İsa Qəmbərlə bağlı aparmışıq, indi belə çıxır ki, hər şeyi özüm üçün həyata keçirməliyəm».

Rauf Arifoğlu deyib ki, əgər vaxt darlığı üzündən öz namizədliyini irəli sürə bilməsə, böyük ehtimalla «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazovu müdafiə edəcək. Ancaq o, bütün hallarda Müsavat Partiyasından gedəcəyini istisna etmir. Deməsinə görə, 2010-cu ilə qədər yeni bir təşkilat yaradıb bütün narazı elektoratı öz ətrafında birləşdirmək niyyətindədir:

«Ənənəvi müxalifətlə artıq heç nə etmək mümkün deyil. Mən bunları qurtarmış hesab edirəm».

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə Rauf Arifoğlunun namizədliyini irəli sürə biləcəyi haqda açıqlamalarını siyasi piar adlandırır. A.Hacılı R.Arifoğlunun namizədliyini verəcəyinə də inanmır. İcra Aparatı rəhbərinin sözlərinə görə, başqa namizədin müdafiəsi ilə bağlı Müsavat Partiyasının daxilində isə heç müzakirə belə gedə bilməz. Hacılı deyir ki, Müsavat Partiyası daxilində kiminsə başqa bir namizədi müdafiə etməsi onun şəxsi və kommersiya maraqlarından irəli gələ bilər:

«Ramiz Rövşənin bir şeiri var. Deyir ki, bir gün dünya işıqlansa, görərik ki, kimin əli kimin cibindən çıxır, kim hakimiyyətə işləyir. Azərbaycan mətbuatını açan şəxs bunu görə bilər».
«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, Rauf Arifoğlunun Müsavatdan ayrılaraq uğur qazanıb-qazanmayacağını indidən müəyyən etmək çətindir. Onun sözlərinə görə, Azərbaycanda siyasi mübarizə üçün rəqabət mühiti yoxdur. Ona görə də istər ənənəvi, istərsə də yeni müxalifətdə olmağın prinsipial fərqi yoxdur:
«İsa Qəmbər və ya hər hansı bir X-in nəyə qadir olduğunu rəqabət mühiti müəyyən edə bilər».
Rauf Mirqədirov deyir ki, əsas məsələ siyasi şəraiti dəyişməkdir. Yalnız bundan sonra həm vəziyyətə real qiymət vermək, həm də mövcud qüvvələri dəyərləndirmək olar.
XS
SM
MD
LG