Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:55

Dövlət orqanlarına ictimai nəzarət varmı?


Məhkəmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin rəhbəri Kamil Səlimov və «İnsan Hüquqları XXI əsr» təşkilatının sədri Şahin Camalov
Məhkəmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin rəhbəri Kamil Səlimov və «İnsan Hüquqları XXI əsr» təşkilatının sədri Şahin Camalov
Azərbaycanda dövlət orqanlarına ictimai nəzarət necə həyata keçirilir? «Can Bakı» proqrammı bu suala cavab axtarır.
Qonaqlar Azərbaycanda Məhkəmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin rəhbəri Kamil Səlimov, «İnsan Hüquqları XXI əsr» təşkilatının sədri Şahin Camalov idi.
Kamil Səlimov deyib ki, onlar insan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə işçi qrup yaradıblar. Qısa müddətdir - 3 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu qrupa vətəndaşlardan xeyli şikayətlər daxil olub. Onlar daxil olan müraciətləri qruplaşdırıblar:

«Xeyli şikayət Dövlət Yol Polisinin (DYP) qeydiyyat idarəsi ilə bağlıdır. Təsəvvür edin ki, kimsə maşın alır. Sonra həmin maşını sürə bilmək üçün avtomobil sahibindən etibarnamə alır. Etibarnamə notariusda təsdiqlənsə də, DYP-də qeydiyyatdan keçməlidir. Hər gün minlərlə insan DYP-nın Xırdalandakı qeydiyyat şöbəsinə üz tutur. Tıxaclar yaranır, korrupsiya üçün yol açılır. Biz təklif edirik ki, bu halların qarşısını almaq üçün artıq qəbul edilmiş «Elektron imza və elektron sənəd haqqında» qanunu işə salsınlar. Qoy, etibarnamə təsdiqləndirilən notarius özü onu DYP-yə göndərsin və məsələ elektron sənədlə yoluna qoyulsun. Bu, 180 min insanın probleminin həlli demək olardı».

Şahin Camalov isə bildirir ki, qrupa daxil olan şikayətlərin böyük hissəsi təhsil sahəsinə və mülkiyyət hüququnun pozulmasına dairdir. Onların müdaxiləsi sayəsində bəzi vətəndaşların problemini həll etmək mümkün olub:

«Biz 10 məhkəmə prosesinin monitorinqini aparırıq. Bu da həmin işin daha obyektiv aparılmasına səbəb olur».
Ekspertlər təklif etdilər ki, Azərbaycanda «İctimai nəzarət haqqında» qanun qəbul edilməlidir. Bu qanuna əsasən, dövlət orqanlarının işinə ictimai nəzarəti həyata keçirən komitə yaradılmalıdır ki, vətəndaşlar həmin komitənin vasitəsilə öz şikayətlərinin dərhal həllinə nail ola bilsinlər. Yəni, ombudsmandan fərqli olaraq bu komitəyə hansısa vəzifəli şəxsi işindən uzaqlaşdırmaq, ona cəza təyin etmək hüququ da verilməlidir. Çünki məhkəmələr yolu ilə bu cür problemləri həll etmək ya mümkün olmur, ya da çox gec olur.

Buna da bax:

XS
SM
MD
LG