Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35
İnsanlar problemləri ilə bağlı daha çox hansı orqanlara müraciət edirlər?

Prezidentin rəsmi saytında yerləşdirilən son məktub Masallı rayonunun Mahmudavar kəndindəndir. Lənkərandakı Diaqnostika Mərkəzində yaxın qohumuna böyrək köçürüldüyünü yazan kənd sakini Əlizadə Hacıyev buna görə, cənub bölgəsinin zəhmətkeşləri və öz ailəsi adından prezidentə sonsuz hörmət və məhəbbətini bildirir.

Rəsmi saytda yer almasa da, Prezident Aparatına müxtəlif problemlərlə bağlı müraciətlər edilir. Yerli məmurlardan ölkə başçısına şikayətdən tutmuş, sosial problemlərə qədər bir çox məsələlər bu müraciətlərdə yer alır.

Müraciətlər əvvəlcə aşağılardakı aidiyyəti ünvanlara edilir. Bundan bir nəticə çıxmadığını görənlər prezidentə şikayət edirlər. Burdan da bir nəticə olmayanda, adamlar özü prezidentlə görüşməyə cəhd edirlər. Bu cəhd əsasən ölkə başçısının səfərlərini izləməklə müşayiət olunur. Prezident hansı bölgəyə səfər edirsə, həmin adamlar da o bölgələrə gedib şikayətlərini şəxsən çatdırmağa çalışırlar.

Ekspertlər hesab edirlər ki, adamlar daha çox Prezident Aparatına müraciət etməyə meyllidirlər. Amma son vaxtlar elə bu ünvana edilən şikayətlərin də azaldığı bildirilir. İndi ən çox şikayətlərin Heydər Əliyev Fonduna edildiyi söylənilir. Fondun Mətbuat Xidmətindən Nərminə Əlixanbəyova deyilənləri təsdiqləyir. Onun sözlərinə görə, Fonda ünvanlanan bütün məktub və müraciətlər Prezident Aparatında birinci xanımın protokol təminatı şöbəsinə göndərilir: «Bütün məktublar gedir ora, sonra bölünüb lazım olan yerlərə paylanır».

Fonda gələn şikayətlərin getdikcə çoxalmasına və həllini tapıb-tapmamasına gəlincə, Nərminə Əlixanbəyova deyir ki, bu barədə dəqiq məlumatlara malik deyil. O, hesab edir ki, bu barədə daha yaxşı adamlar özləri danışa bilər.

Bəs adamlar özləri nə deyir?

- Mənim qaynanam evlə, torpaqla bağlı hər yerə müraciət etdi, ancaq xeyri olmadı. İndi Heydər Əliyev Fonduna yazıb, hələlik bir şey yoxdur, gözləyirik.

- Mənə elə gəlir ki, Heydər Əliyev Fonduna müraciətin çoxluğu prezidentin xanımıyla bağlıdır, yəni onun ölkə başçısına sözü daha tez çatır. Bir də bilirsiz ölkədə məmur özbaşınalığı var. Yəni heç kim heç kimi dinləmir. Aşağılar da qalıb əzilə-əzilə.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da Prezident Aparatına və Heydər Əliyev Fonduna edilən şikayətlərin çoxluğunu yerlərdə vətəndaşların şikayətlərinə laqeyd yanaşılmasıyla izah edir: «Niyə vətəndaş daha yuxarılara müraciət edir? Bu, aşağıdakı məmurlara inamsızlıqla bağlıdır».

Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, əslində adamların yuxarılara müraciətində qeyri-adi bir hal yoxdur, bu, insanlara konstitusiya ilə verilən hüquqdur. Liqa rəhbəri hesab edir ki, adətən məmurlar Heydər Əliyev Fondundan, Prezident Aparatından gələn müraciətlərə daha diqqətli yanaşırlar. Adamlar da bunu bilməmiş deyil.

Problemlərin həll edilməsinə baxmayaraq Sahib Məmmədov bunu normal hal saymır. O, hesab edir ki, hansısa nazirlik dəfələrlə edilən müraciətə baxmayanda vətəndaş daha yuxarılara yazmağa məcburdur. Onun fikrincə, QHT olan Heydər Əliyev Fondu əgər ona aid olmayan şikayət və müraciətlərə baxırsa, əslində bu, aşağıların öz işini lazımınca yerinə yetirməməsilə bağlıdır.

Şərhləri göstər

XS
SM
MD
LG