Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

Müsyö Hüseyn Azərbaycana dönmək istəmir


Sabunçulu Müsyo Hüseyn oğlu Hansla birlikdə

Sabunçulu Müsyo Hüseyn oğlu Hansla birlikdə

Fransanın Strasburq şəhəri yaxınlığında - Rozahm qəsəbəsində bir Müsyo Hüseyn yaşayır – 1941-ci ildə Şimali Qafqazdakı döyüşlərdə almanlara əsir düşüb.

Müharibənin ilk aylarında hazırlıqsız sovet ordusunun yüz minlərlə əsgəri almanların əsir düşərgələrinə düşdü. Xəstəlikdən, aclıqdan ölənlər oldu, edam edilənlər oldu, sağ qalanlardan biri də sabunçulu bir gənc idi.

67 ildi Vətəndən kənarda yaşayır Müsyo Hüseyn, xeyli söhbətləşdik, amma indi o, daha doğma yurda qayıtmaq istəmir.
«Təzə qar yağmışdı, əmr elədilər ki, keçin hücuma. Keçdik... Almanlar bizə bir toy tutdular ki... And olsun Allaha bomba göydən yağmur kimi yağırdı. Minlərlə adam qırıldı, Allaha şükür ki, hələ indi burdayam (əlini masaya vura-vura gülür)»
Onun əsl adı Salah Qasımovdu, bir zamanlar Bakıda dəb olan nazik bığı, bir də Türkiyə türkcəsiylə qarışıq şirin Bakı ləhcəsi var, adını niyə dəyişdirdiyini irəlidə deyəcəyik.
Deyir ki, düz müharibənin axırınacan almanlar onu işlədiblər - əvvəl Rusiyada, sonra Polşada, daha sonra Avstriyada.
«- Nə işləyirdiz?
- Əsirə nə iş deyərlər, onu da görər: kartof soy, yer qaz...»

Müharibə başa çatandan sonra sabunçulu Salah bir müddət Avstriyada qalıb, ingilis ordusunun nəzarət etdiyi zonada, hərbi qarajda maşın təmir edirmiş, deyir ki, onunla bir yerdə başqa keçmiş sovet əsirləri, o cümlədən azərbaycanlılar vardı, günlərin bir günü onların yanına iki sovet mayoru gəlir – biri rus, digəri azərbaycanlı. Onlarla söhbət ediblər, rus mayor deyir ki, Vətənə qayıtmaqları mümkündü, amma o gedəndən sonra azərbaycanlı mayor həmvətənlilərinə həqiqəti söyləyir. «Dedi ki, Vətən görməyəcəksiniz, əvvəl Sibirə sürgün olunacaqsınız, orda sovet qanunlarına öyrəşəcəksiniz, əgər öyrəşsəniz, yaxşı olsanız, Vətənə gedə biləcəksiniz. Bundan sonra çox adam ordan qaçdı, mənimlə qaçan 5 adam vardı, ikisini vurdular».

85 yaşlı həmsöhbətim evinin ikinci mərtəbəsinə oturacaq liftlə qalxır. Ev nə zəngindi, nə də kasıb, kənardan baxanda Rozaymdakı qədimi üslublu ikimərtəbəli binaların ansamblından o qədər də seçilmir. Hərçənd binanın yerləşdiyi Rü Braun küçəsi bir az da İçərişəhərin tarix hopan sakit küçələrini xatırladır. Bizim əyləşdiyimiz otağa xalça döşənib, üstündə də divan-kreslolar var. Həmsöhbətimin divarlarda öz cavanlıq şəkilləri, xanımıyla fotoları, bir də ata-anasının şəkli var – bu da deyəsən tanış mənzərədi. Otağın küncündə televizor var və Hüseyn bəy mənə videpkasetlərini göstərir: «Leyli və Məcnun» operası, «Aşıq Qərib» operası – Alim Qasımovun ifasıyla, «Əhməd haradadır» filimi, Baloğlan Əşrəfovun kasetləri…»

Həmsöhbətim deyir ki, kasetlərə axşamlar baxır, bəzən gecə saat 12-yə qədər. Kasetlərdən birini videomaqnitafona taxır – «Aşıq Qərib» operasını...

Müharibədən sonra Hüseyn bəy əvvəlcə Qərbi Almaniyada yaşamaq istəyib, amma sənədləri qaydasında olmadığı üçün saxlanıb, sonra məcbur olub ki, adını dəyişsin. Nəhayət Fransanın Almaniya sərhədinə yaxın bölgəsində - Strasburqda məskunlaşıb – ilk həyat yoldaşıyla birgə. Uzun müddət – təqaüdə çıxanacan sürücü işləyib, həm də maşın təmir edib. Strasburqa gəlməmişdən əvvəl ilk sevgisini Avstriyada tapıb.

«O zamanlar mən ingilislərdə işləyirdim, o qız da ingilislərdə işləyirdi. Mən maşınla onun götürürdüm-gətirirdim, xoşuma gəldi, dedim gəl mənim yanımda otur, dedi nədən? Dedim xoşuma gedirsən (gülür). Qız güldü... beləcə ailə qurduq. Yaxşı qadınıydı, 6 uşağımız oldu. Sonra arvad rəhmətə getdi, tək qaldım. Uşaqlar böyüdü, evləndilər, evləri-eşikləri...»

Sabunçulu Salahın, indiki Müsyö Hüseynin indi yaşadığı ev – ikinci xanımı Marietindi. Onların öz övladları yoxdu. Hüseyn bəyin əvvəlki xanımından olan böyük oğlu – Hans onlarla birgə yaşayır. Mariet xanım xəstə idi, xəstəxanadan təzə çıxmışdı, birinci mərtəbədə yataqda uzanmışdı, halsız idi. O da 80-i adlayıb.

«- Uşaqlar necədi, Azərbaycan haqda məlumatları varmı?
Yox...
Heç...
Heç... Hamısı fransız... Burda doğulmuş, burda böyümüş...»

Hüseyn bəyin böyük oğlu Hansın 60-dan çox yaşı var, 5 il qabaq təqaüdə çıxıb. Atasını Strasburqda – Azərbaycan icmasının keçirdiyi tədbirlərə, konsertlərə də o aparır. Hans deyir ki, Azərbaycan musiqisi, rəqsləri ona çox maraqlı gəlir.
...Videolentin keyfiyyəti pis olsa da, «Aşıq Qərib» operasına baxmaqda davam edirik...

Hüseyn Azərbaycana ilk dəfə 1980-ci ildə qayıdıb – yəni Vətəni tərk edəndən 39 il sonra. Deyir ki, heç ağlına gətirmirmiş ki, keçmiş əsir Azərbaycana gedə bilər. Amma Naxçıvandan olan bir dostu Azərbaycana gedib-gələndən sonra o da həmin dostunun köməyilə ailəsi ilə məktublaşa bilib – ailəsi bilib ki, müharibəyə gedib qayıtmayan 3 qardaşdan biri sağ imiş.
«Ondan sonra getdim Azərbaycana... Vətəni gördüm, 39 il keçmişdi, amma elə bil ki köhnə hamam-köhnə tas... Heç nə dəyişməyib. Ağladılar ki, gələcəksən, burda qalacaqsan, dedim yox, qalmaram...»

Həmsöhbətim danışır ki, sonradan 96 yaşlı anasını, eləcə də bacılarını Fransaya gətirib, birlikdə bir ay Parisi və ölkənin başqa böyük şəhərlərini gəziblər. Hüseyn bəyin dediyinə görə, onlar da ona «sən cənnətdə yaşayırsan» deyiblər. Vətənə qayıtmamasına razı olublar.

Sonradan həmsöhbətim bir dəfə də müstəqillik dövründə Azərbaycanda olub, Bilgəhdə bir vaxtlar ailəsinə məxsus olmuş evi geri almağa çalışıb, amma evi zəbt edən əslən Ermənistandan olan bir polis əməkdaşı evdən çıxmayıb, deyib ki, keçmiş prezidentin fərmanı var, qaçqını tutduğu evdən çıxarmaq olmaz. Beləcə, Müsyö Hüseyn gözəl Vətəndən incik düşüb, daha getmək də istəmir. Bundan başqa deyir həm də səhhətim imkan vermir.

«Biz buranın havasına alışdıq, bunun havasını dəyişə bilmərik. Mənim azərbaycanlı arkadaşım vardı, dedi, Salah, gedirəm Azərbaycana, dedim getmə, öləcəksən. Getdi, öldü... Üç aydan sonra Azərbaycanda öldü. Başqa birisi Türkiyədən gəldi, o da öldü. Oranın havasını daşıya bilmədilər. Mən doktorla danışdım, doktor dedi ki, əvət, oranın iqlimatı ilə buranın iqlimatı arasında çox fərq var. Burda hava isti olar, amma tez də sərin olar, orda isə 40 dərəcə, 45 dərəcə isti olur...»

Biz söhbətimizə bir gözümüz «Aşıq Qərib» operasında davam edirdik. Televizorun səsini bir az azaltmışdıq. Diktofonun batareyalarını dəyişəndə bir də başımı qaldırdım ki, həmsöhbətim əliylə üzünü tutub. Əlini üzündən çəkdi... göz yaşları qırış-qırış yanaqlarını islatmışdı: «Hər dəfə bu kasetlərə baxanda məni ağlamaq tutur, ömür keçdi, bir gün görmədik, yaşaya bilmədik millətimizin içində...»

Bu da bir ömür, Fransanın Rozaym qəsəbəsində yaşayan Sabunçulu Salahın, indiki Müsyö Hüseynin 67 ildir davam edən qəribliyi, bir üzü gülən, bir üzü ağlayan qəribliyi...

Şərhləri göstər

XS
SM
MD
LG