Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:25

Vətənini tərk edənlər daha çox savadlı adamlardır


Ölkələrini tərk edənlər əsasən yüksək təhsilli adamlardır

Ölkələrini tərk edənlər əsasən yüksək təhsilli adamlardır

ABŞ-ın Gellap Araşdırma təşkilatı dünya üzrə insanların niyə bir ölkədən başqasına köçmək istəməsinin səbəblərini öyrənib. Sorğunun iyulun 30-da elan edilən nəticələrinə görə, miqrasiyaya kasıblardan daha çox imkanlı adamlar meyllidirlər. Amma bu o demək deyil, məsələn, məşhur milyarder indi çemodanlarını toplayıb köçməyə hazırlaşır.
Gellapın gəldiyi nəticəyə görə, vətənini tərk etmək istəyənlər daha çox öz vəziyyətindən narazı olanlardır. Öz vəziyyətindən narazılıq isə ölkədəki ümumi vəziyyətlə yanaşı, həm də xeyli dərəcədə fərdin dünyagörüşündən, həyata baxışlarından asılıdır. Eyni vəziyyət kimisə qane edirsə, bir başqasını qane etməyə bilər.

Amma bununla belə, ümumi meyl budur ki, köçənlərin çoxu kasıb ölkələrdən daha varlı ölkələrə gedirlər. Kasıb ölkələrin isə varlı sakinləri daha çox köçürlər.

Gellapın sorğusunda ümumi daxili məhsulun səviyyəsinə görə ölkələr dörd qrupa bölünüb. 2006-cı ildə Dünya Bankının məlumatlarına əsasən hazırlanmış bu siyahıda Azərbaycanın adı aşağıdan ikinci olan ölkələrin sırasında göstərilib. Bu, ən aşağı səviyyədə olan ölkələrdən bir pillə yuxarıdakı ölkələrin sırasıdır. Orada Azərbaycan, Ermənistan, Kamboca, Ekvador, Hindistan kimi ölkələr qərarlaşıb.

Azərbaycandan miqrasiyanın yüksək səviyyədə olmasını Bakıda rəsmilər inkar edirlər. Bu mövzuda suallara hakim partiyanın təmsilçiləri gedənlərin daha çox yaxşı yaşayış ümidi ilə ölkəni tərk etdiklərini bildirirlər. İqtisadi Tədqiqatlar Mərkəzindən Azər Mehdiyev hesab edir ki, indi Azərbaycandan gedənlər özünün indiki vəziyyətindən deyil, sabahından narahat olan insanlardır

Gellap Araşdırmalar təşkilatı isə bu qənaətə gəlib ki, kasıb insanların miqrasiyaya meylli olmamasının bir səbəbi də onların nə başqa ölkələr, nə də öz vətənləri haqqında məlumatlı olmamaları ola bilər. Sorğuda iştirak edən kasıb adamların yalnız 25 faizi evində televizoru olduğunu deyib.

Nəzərə alanda ki, köçənlərin demək olar əksəriyyəti savadlı adamlardır, onda kasıb ölkələrin həm də beyin axını probleminin fəsadları üzləşdiyini söyləmək olar. Gellapın indiki araşdırmasına görə, kasıb ölkələrdə hətta kollec təhsili almış adamlar ölkələrini tərk etmək istəyirlər. 2008-ci ilin məlumatlarına görə, Afrikanın Haiti kimi kasıb ölkələrində kollec bitirənlərin 80 faizi vətənini tərk etmək istəyir.

Şərhləri göstər

XS
SM
MD
LG