Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

Prezident təqaüdü artırıldı, bəs digərləri?...


Deyirlər təqaüdlər artırılacaq, amma dəqiq vaxtını bilən yoxdu

Deyirlər təqaüdlər artırılacaq, amma dəqiq vaxtını bilən yoxdu

Prezident İlham Əliyev prezident təqaüdlərinin 750 manatdan 1000 manata çatdırılması haqda sərəncam imzalayıb.

Prezident təqaüdü Azərbaycan dövləti qarşısında xidməti olan elm, mədəniyyət xadimlərinə verilir. Prezident təqaüdçüsü Azərbaycanın xalq artisti Yaşar Nuri buna görə dövlət başçısına təşəkkür edir:

«İlham Əliyev prezident seçiləndən sonra ikinci dəfədir təqaüdlərin məbləğini artırır. Təbii, buna görə, mədəniyyət, incəsənət xadimləri adından təşəkkür edirik. Belə diqqət olanda adamda yaradıcılıq ruhu da artır. Əgər sənə bir adam bir şey verirsə, qayıdıb ona zəhrimar deməyəcəksən ki?.. İstəyəcəksən ki, onun etimadını doğruldasan. Sənəd adamları etimadı doğrultsalar hələ bundan sonra da təqaüdlərin məbləğinin artırılacağını düşünürəm».

Yaşar Nuri deyir ki, sənət aləmində olan hər kəsin belə qayğıya ehtiyacı var. Sənətçi bütün hallarda insanların sosial müdafiəsinin güclənməsinə yönələn belə addımları alqışladığını bildirir.

Prezident təqaüdü prezidentin Ehtiyat Fondundan ödənilir. Bu fond isə dövlət büdcəsinə daxil olan vergilərdən formalaşdırılır. Milli Büdcə Qrupunun rəhbəri Qubad İbadoğlu bu fond üzərində nə ictimai, nə də parlament nəzarətinin olmadığını deyir. Onun sözlərinə görə, 2002-ci ildə yaradılandan bəri fondun vəsaitlərinin hansı məqsədlərlə, nə cür xərclənməsilə bağlı heç bir informasiya açıqlanmır:

«Bu nəzarətsizlik sui-istifadə hallarına yol açır. Vergiödəyicisi olaraq biz bilməliyik ki, pullarımız hara xərclənir. Biz bununla bağlı dəfələrlə müraciət etmişik. Biz illər üzrə hesabatlar aparmaq istəyirik. Ancaq bu informasiyalar bizə verilmir».

Bakı sakinləri ilə söhbətimizdə onlar təkcə elm və mədəniyyət xadimlərinin deyil, bütün vətəndaşların, xüsusi ilə yaşlı insanların sosial müdafiəyə ehtiyacı olduğunu bildirdilər. Onlar prezidentin bu addımının daha çox siyasi xarakter daşıdığını düşünür:

«Burda böyük ədalətsizlik var. Sovet hökuməti indiki hökumətdən daha ədalətli idi;
Təqaüdümüzü 3 ay qabaq 10 manat artırıblar. Nə üçün prezident təqaüdü alanların pensiyalarını 250 manat artırırlar, bizimkini 10 manat? 70 yaşım var 66 manat pensiya alıram. Nə üçün? O qədər müftəxorların adı var ki, o təqaüdçülərin sırasında. Kimə gərəkdir onun 100 manat pensiya alması? Onsuz o qazanır da. Mənim günümə qal e;
Mən üçüncü qrup əliləm 33 manat pensiya alıram. Demək biz buna layiqik;
Bizim kimi kasıblara baxan yoxdur. Mən 66 manatla dolana bilmirəm…»

Dövlət Sosial Müdafiə Fondunun hesabatlarında vətəndaşların pensiyalarının aşağı templə artırılmasının əsas səbəbi kimi pensiyaçıların sayının çox olması göstərilir. Ancaq bu günlərdə verilən məlumata görə, ölkə üzrə təqaüdlərin də artırılacağı gözlənilir. Vaxtısa hələ bəlli deyil.
XS
SM
MD
LG