Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

Konqresdə dinləmələr


Helsinki Komissiyasında dinləmələr üç saata yaxın çəkib
Helsinki Komissiyasında dinləmələr üç saata yaxın çəkib

İyulun 29-da ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycanda prezident seçkiləri öncəsi insan haqları ilə bağlı dinləmələr keçirib. Dinləmələrdə ABŞ dövlət katibinin İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Devid Kremer, «Freedom House» təşkilatının nümayəndəsi Kristofer Uolker və Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev şahid qismində çıxış ediblər.
İclası giriş nitqi ilə açan Helsinki Komissiyasının sədri konqresmen Alsi Hastinqs Gürcüstan, Ermənistan və Azərbaycanda ya seçkilər öncəsi, ya da seçkilər sonrası zorakılıqların baş verdiyini narahatlıqla qeyd edərək ABŞ konqresinin bu dinləmələri keçirməklə regiondakı vəziyyəti diqqətdə saxlamağa çalışdığını vurğuladı. Giriş nitqində komissiya sədri Azərbaycanda həbsdə olan jurnalistlər, Fərhad Əliyevin məhkəməsi, Venesiya komissiyasının bəzi təkliflərinin Azərbaycan hökuməti tərəfindən rədd edildiyini qeyd edərək müzakirə olunacaq mövzuların təqribi dairəsini cızdı.

Son zamanlar Azərbaycan hökuməti xalq qarşısında cavabdeh və daha şəffaf olan institutların yaradılması imitasiyasını belə kənara qoyub


Dövlət Departamentinin nümayəndəsi Devid Kremer geniş nitqlə çıxış edərək Azərbaycanı Amerikanın dostu adlandırdı və Azərbaycanla ABŞ-ın bir neçə əsas sahədə əməkdaşlıq etdiyini vurğuladı. Bu sahələr «demokratik və iqtisadi islahatlar, enerji diversifikasiyası, təhlükəsizlik məsələləri» olaraq müəyyənləşdirildi. ABŞ-ın dünyada demokratik ölkələrlə daim daha sıx əməkdaşlıqda olduğunu qeyd edən Devid Kremer bildirdi ki, Azərbaycanla münasibətlərində ABŞ bu ölkə ilə «demokratiya sahəsində olan əməkdaşlığı enerji və təhlükəsizlik məsələlərində olan əməkdaşlıqla eyni səviyyəyə gətirməyə çalışır».
Qarşıdan gələn prezident seçkilərinin Azərbaycan hökuməti üçün demokratik islahatları keçirməyə bağlılığını nümayiş etdirmək üçün bir imkan olduğunu qeyd edən ABŞ diplomatı qeyd etdi ki, narahatlıq doğuran haldır ki, «son bir neçə ildə etiraz səsləri üçün ayrılan siyasi meydan get-gedə daralıb».
Seçkilərin beynəlxalq və daxili monitorinqinin əhəmiyyətini qeyd edən Devid Kremer bildirdi ki, Bakıdakı görüşlərində israrla xahiş edib ki, Azərbaycanda fəaliyyət göstərən Seçki Monitorinqi Mərkəzinin müstəqil və tammənalı seçki müşahidəçiliyi üçün şərait yaradılsın.
Mətbuat azadlığı sahəsindəki problemləri qeyd edən Devid Kremer həbsdə olan üç jurnalistin işini, Aqil Xəlil və Emin Hüseynova olan təzyiqləri xüsusi vurğuladı. Digər vacib problemlər sırasında Devid Kremer siyasi məhbuslar məsələsi, təhlükəsizlik qüvvələrinin səlahiyyətlərindən sui-istifadəsi hallarını, qanunun aliliyinin pozulması və korrupsiyanı vurğuladı.
Konqresmen GK Butterfield, senatorlar Benjamin Cardin, Richard Burr Fərhad Əliyevin məhkəməsi işini önə çəkdilər və dövlət çevrilişi ittihamı ilə həbs edilmiş şəxsin sonradan bu məsələyə əlaqəsi olmayan iqtisadi cinayətlərə görə mühakimə edilməsinin səbəblərini həm ABŞ rəsmisi Dediv Kremer, həm də Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevdən soruşdular.
Konqresmen Butterfield keçmiş nazir Fərhad Əliyevin işində olan bir məqama xüsusi diqqət yetirdi və ilkin ittiham iddialarından biri kimi ABŞ, Böyük Britaniya və Almaniya səfirlərinin Fərhad Əliyevlə birgə Azərbaycanda 2005-ci ildə narıncı inqilab hazırlamaları məsələsində həm Devid Kremerdən, həm də Yaşar Əliyevdən izahat istədi. Hər iki dövlət rəsmisi konkret cavablardan yayındılar. Devid Kremer bildirdi ki, ABŞ Fərhad Əliyevin məhkəməsini yaxından izləyib və deyilən iddianı sənədləşmiş formada ortada görməyib. Butterfield həmçinin Fərhad Əliyevin iddialarına görə ondan azadlıq müqabilində 100 milyon dollar istənildiyi məsələsini də ortaya qoydu.
Konqresmen Hilda Solis iki məsələyə diqqət yetirdi. Bu məsələlər Seçki Monitorinqi Mərkəzinin qeydiyyatı məsələsi və jurnalistlərin həbsinə səbəb olan diffamasiya qanunu məsələsi idi. Səfir Yaşar Əliyev ikinci məsələyə münasibət bildirərək dedi ki, Azərbaycanda jurnalistlərin böhtan maddəsi ilə cəzalandırılmasının ləğvi üzərində Azərbaycan hökuməti beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə danışıqlar aparır. Səfir bildirdi ki, Azərbaycanın özünəməxsus milli düşüncə tərzinə görə böhtan, əsassız ittihamların de-kriminallaşdırılması cəmiyyət üçün bir qədər çətin qəbul edilən məsələdir, amma hökumət bütün hallarda bu istiqamətdə işi davam etdirir.
Helsinki Komissiyasının sədri Alsi Hasntinqs və konqresmen Butterfield Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda etdiyi çıxışlardan birindən sitat gətirdilər. Həmin sitatlarda Azərbaycan prezidenti beynəlxalq təşkilatların tənqidlərini mənfi qiymətləndirirdi və hətta beynəlxalq təşkilatlarının tələblərinə uyğunlaşmaqdansa, oradan çıxmaq variantını da dilə gətirirdi. Konqresmenlər bu sitatda deyilənlərlə bağlı Devid Kremer və Yaşar Əliyevə sual ünvanladılar. Hər iki dövlət rəsmisi sitatların düzgünlüyünü təsdiqləsələr də əlavə şərh vermədilər.
Səfir Yaşar Əliyev öz çıxışında Azərbaycanın son illərdə demokratikləşmə sahəsində atdığı addımlardan danışdı. Mətbuat Şurasının hökumətlə birgə mətbuata dövlət yardımı proqramı üzərində işləməsi, Azərbaycanda insan haqları gününün qeyd olunması səfirin çıxışında xüsusilə vurğulandı. Azərbaycanda milli və dini tolerantlığı önə çəkən səfir Dağlıq Qarabağ probleminin doğurduğu fəsadlardan da söhbət açdı və Azərbaycanın bu istiqamətdə beynəlxalq təşkilatlardan kömək umduğunu vurğuladı. Çıxışının yekununda Azərbaycan səfiri beynəlxalq qurumları qərəzli fikirlərdən uzaq olmağa çağırdı və Ermənistanda da insan haqlarının pozulduğuna eyham edərək dedi: «Bir dost kimi bizim gözləntilərimiz ondan ibarətdir ki, bizim bir-birimiz haqqındakı mühakimələrimiz bizim digərləri barədə olan mühakimələrimiz qədər ədalətli olsun».
Yaşar Əliyevə sualla müraciət edən Alsi Hastinqs bildirdi ki, o, Amerika prezidenti Buş haqqında da xeyli tənqidi fikirlər səsləndirib və səsləndirməkdədir. Hastinqs dedi ki, ötən müddət ərzində o, Quantanamodakı vəziyyətlə bağlı Helsinki komissiyasının iki dinləməsini keçirib və Amerika hərbi qulluqçularının hərbi əsirlərə işgəncə vermələri iddiaları ilə də bağlı ayrıca müzakirələr keçirib. Bundan sonra öz sualını Azərbaycanın Amerikadakı səfirinə ünvanlayan Alsi Hastinqs soruşdu: «Əgər mən Azərbaycanda eyni şeyi edib prezident Əliyevi siyasi məhbuslara görə tənqid etsəydim (və mən inanıram ki, Amerika məhbusları orada (Quantanamo-red.) saxlamaqla səhv iş görüb), fikrinizcə mən Bakıda sərbəst gəzə bilərdimmi?»
Helsinki Komissiyasının internet səhifəsinə əsasən, bu suala Yaşar Əliyev: «Bilirsiniz, gəlin yoxlayaq» - deyə cavab verib.
Senator Riçard Burr səfir Yaşar Əliyevə müraciət edərək soruşdu ki, nədən adi iqtisadi cinayətlərdə suçlanan Fərhad Əliyev hələ də Milli Təhlükəsizlik Nazirliyinin binasında saxlanılır. Səfir bu sualın cavabını bilmədiyini dedi və dedi ki, artıq keçmiş nazirin adi həbsxanaya köçürülməsi ilə bağlı müzakirələr gedir. Senator isə öz növbəsində bildirdi ki, keçmiş nazirin hələ də MTN-də saxlanılması göstərir ki, bu işin arxasında özgə mətləblər var.

Əli Əhmədovdan sitat gətirən «Freedom House» təmsilçisi iqtidarın artıq Belarus və Qazaxıstan modeli ilə ömürlük prezident seçməyə cəhd etdiyini xüsusi vurğuladı


Helsinki Komissiyasının üzvlərinin həbsdə olan jurnalistlərə bağlı sualına cavab verə səfir bildirdi ki, istər Eynulla Fətullayev, istər Sakit Zahidov, istərsə də Qənimət Zahidov qəzetdə yazdıqları məqalələrə görə deyil, işlətdikləri cinayət əməllərinə görə həbsdə yatırlar. Bunu deyən səfir, jurnalistlərə çıxarılan hökmlərdəki cinayət məcəlləsi maddələrini sadaladı. Konqresmen Hilda Solis bu ittihamlara şübhə ilə yanaşdığını ifadə edərək onun mənbələrində başqa məlumatların olduğunu bildirdi.
Sonuncu çıxışçı «Freedom House» təşkilatının nümayəndəsi Kristofer Uolker idi.
Çıxışçı son illər ərzində Azərbaycanda demokratikləşmə və mülki sahənin inkişafında bütün istiqamətlərdə geriləmələr müşahidə edilib. Çıxışçı xüsusilə iki məqamı qeyd etdi: Birincisi, avtoritar rejimlərdə ölkəyə daxil olan neft gəlirləri onsuz da zəif olan mülki institutların bir qədər də sıxışdırılmasına və avtoritar hökumətlərin bir az da güclənməsinə səbəb olur. İkincisi, son zamanlar Azərbaycan hökuməti xalq qarşısında cavabdeh və daha şəffaf olan institutların yaradılması imitasiyasını belə kənara qoyub. «Resurs millətçiliyi» ölkə hakimiyyətini yönləndirən motivə çevrilib». «Resurs millətçiliyi» termini ilə Kristofer Uolker ölkəyə daxil olan pulların hökuməti xarici çağırışlar qarşısında daha bərk durmağa imkan verdiyi fikrini ifadə edir. Əli Əhmədovdan sitat gətirən «Freedom House» təmsilçisi iqtidarın artıq Belarus və Qazaxıstan modeli ilə ömürlük prezident seçməyə cəhd etdiyini xüsusi vurğuladı.
Üç saata yaxın davam edən müzakirələr bu tənqidi notlarda da başa çatdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG