Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

«Az imkanlar daxilində möcüzə…»


«Rusiyada bu proses gedir. Moskva postsovet avtoritar rejimlərin hamisinə çevrilib…»

«Rusiyada bu proses gedir. Moskva postsovet avtoritar rejimlərin hamisinə çevrilib…»

Müsavat başqanı İsa Qəmbər deyir ki, hakimiyyət seçkini formal bir prosesə çevirir. O, bu fikirləri rəsmi «Azərbaycan» qəzetində dərc edilən prezident seçkisində kütləvi informasiya vasitələri ilə təşviqatın aparılma qaydaları haqqında təlimatı şərh edərkən söyləyib. İsa Qəmbər deyir ki, təşviqat mərhələsinin cəmi 28 günə endirilməsi hakimiyyətin azad və ədalətli seçkilərdə maraqlı olmadığını göstərir. Üstəlik pulsuz efir vaxtı yalnız İctimai Televiziyada yaradılır. Orada isə bütün namizədlərə həftə ərzində verilən efir müddəti 3 saatdan çox deyil. İsa Qəmbər deyir ki, rəsmi elektron və yazılı medianın bir nəfərin xeyrinə təbliğat apardığı bir ölkədə bu cüzi efir vaxtı bərabər rəqabətə imkan yarada bilməz:

«Bu Moskvadan gələn bir texnologiyadır. Rusiyada bu proses gedir. Moskva keçmiş postsovet respublikalarındakı avtoritar rejimlərin hamisinə çevrilib…»

İsa Qəmbər deyir ki, bu vəziyyət ya onları seçkini boykot etmək məcburiyyətində qoyacaq ya da onlar mübarizəni gücləndirib seçkilərdə bu az imkanlar daxilində mümkünsüzü mümkünə çevirməyə çalışacaqlar.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə deyir ki, tərəflər arasında böyük fərqlərin olması seçki qanunvericiliyinin ədalətsizliyində yox onların gücündədir. Fəzail Ağamalının sözlərinə görə, müxalifət seçkini udmaq istəyirdisə 28 günlük təşviqat mərhələsini gözləməyib çoxdan fəaliyyətə başlamalıydı:

«Heydər Əliyevin yaratmış olduğu dövlət, onun siyasi kursu və bu siyasi kursun alternativi olmaması bu gün müxalifət üçün böyük problemdir».

Bakı Siyasi Təsir və Araşdırma Mərkəzinin rəhbəri İlqar Məmmədov da hesab edir ki, müxalifət Qərbdən nümunə götürərək seçkiyə çoxdan hazırlaşmalı idi. İlqar Məmmədovun sözlərinə görə, uzun müddət kabinetlərdə oturub bir iş görməyən müxalifət bu az imkanlar daxilində möcüzə yarada bilməz. O hesab edir ki, hakimiyyətin kütləvi aksiyalara icazə verməməsi, seçicilərlə görüşlərə məhdudiyyətlər yaratması da bütün bu fəaliyyətsizliyə haqq qazandıra bilməz:

«Siyasi iddiası olan şəxs nə polisdən, nə də başqa birisindən qorxmalıdır. Daim seçicilərlə qanuni görüşlərə cəhdlər etməlidir. Əgər buna imkan verilmirsə, cəhdlərinin sayını bir qədər də artırmalıdır. Beynəlxalq təşkilatlara 5 şikayət ərizəsi yazmaqdansa insanların içinə bir dəfə çıxmağa cəhd göstərmək daha effektlidir…»

İlqar Məmmədovun sözlərinə görə, əslində qarşıdan gələn prezident seçkilərinin taleyi həll edilib. Müxalifətin bundan sonrakı istənilən cəhdləri uğursuzluğa məhkumdur…
XS
SM
MD
LG