Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:13

«Müxalifətin uğuru imitasiyadan imtina olardı…»


«Demokratik seçkilərə inam olmadığı halda iştirakla bağlı qərar görüntüyə xidmət edir»
«Demokratik seçkilərə inam olmadığı halda iştirakla bağlı qərar görüntüyə xidmət edir»
Qanunvericiliyə görə, seçki kampaniyası avqustun 1-də start götürür. Buna cəmi bir həftə qalsa da, seçkidə iştirak edib-etməməklə bağlı müxalifət düşərgəsində hələ də tərəddüdlər var. Hərçənd artıq «Azadlıq» bloku seçkiləri boykot edəcəyini qəti olaraq dilə gətirib. Ancaq Müsavat və Demokrat partiyaları öz qərarlarına yenidən baxmaq niyyətindədirlər. Baxmayaraq ki, Müsavat hələ ötən ilin oktyabrında, Azərbaycan Demokrat Partiyası isə bu ilin fevralında seçkidə iştirakla bağlı ilkin qərarlarını vermişdi.

Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyir ki, ötən ilin oktyabrından bəri həm qanunvericilik, həm də real şərait baxımından vəziyyət xeyli pisləşib:

«Artıq Azərbaycanda seçkiləri keçmiş sovet dövründə olduğu kimi formal bir hadisəyə çevirmək istəyirlər…»

Ancaq Sülhəddin Əkbər deyir ki, gələn həftəyə planlaşdırılan partiyanın Ali Məclisin toplantısında hansı qərarın çıxarılacağı ona məlum deyil.

Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev də deyir ki, onlarda seçkidə iştirakın tərəfdarları ilə boykot tərəfdarlarının səsi təxminən eynidir. Odur ki, Taliyət Əliyev də partiyasının hansı qərarı verəcəyini bilmir:

«Sərbəst toplaşmaq azadlığına təminat verilmir. Həbsdə jurnalistlər var. Siyasi məhbus problemi həll edilməmiş qalır. Seçkilərin demokratik keçiriləcəyinə şübhələr var…»

Bu vaxta qədər keçirilən seçkilərdə müşahidəçi kimi iştirak etmiş Müsavat Partiyası Mingəçevir təşkilatının sıravi üzvü Fariz İmanov da deyir ki, artıq seçkilərdə iştirakın heç bir əhəmiyyəti yoxdur: «Ona görə ki, bunlar yenə seçkiləri saxtalaşdıracaqlar. Bəlkə də elə indidən bir çox yerlərdə protokollar hazırdır».

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, müxalifət partiyalarının istər boykot, istərsə də iştirakla bağlı qərarları imitasiya xarakteri daşıyır. Onun fikrincə seçkidə kvorum olmadığı və fəal etiraz aksiyaları keçirilmədiyi halda boykot qərarı ilə sadəcə görüntü yaradılır. Azər Rəşidoğlu deyir ki, demokratik seçkilərə inam olmadığı və fəal hazırlıq işlərinin aparılmadığı halda da iştirakla bağlı qərar görüntüyə xidmət edir:

«Bu imitasiyalardan cana doyan müxalifət tərəfdarları özlərinə yeni lider, yeni təşkilat axtarmaq məcburiyyətində qalacaqlar. Bu normal bir prosesdir».

Azər Rəşidoğlu hesab edir ki, müxalifətin uğurlu fəaliyyəti bu imitasiyadan imtina olardı. Onun fikrincə yalnız həqiqi mübarizə ilə vəziyyətin dəyişməsinə nail olmaq olar…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG