Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39
-
Hollivudun ən qiyməli subayı - George Clooney ilə nişanlananda çoxları hesab edirdi ki, istənilən xanım üçün belə bir izdivac məşhurluğun zirvəsidir. Lakin Livanlı vəkil Amal Alamuddin, sanki medianın gündəliyi üçün doğulub: indi də Liviyanın keçmiş diktatoru Muammar Gaddafi-nin kəşfiyyat rəisi Abdullah al Senussi-ni məhkəmə qarşısında müdafiə etməyə hazırlaşır.

Britaniya mətbuatı yazır ki, bu məhkəmə prosesi Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) reputasiyasını birdəfəlik məhv edə bilər. Gaddafi-nin hazırda 64 yaşlı əlaltısı Abdullah al Senussi 40 ilə yaxın ölkədə baş vermiş çoxsaylı qətllərdə, işgəncələrdə, adam oğurluğunda və meydan edamlarında ittiham olunur.

Məsələn,

- Tripolinin Əbu Salem həbsxanasında 1200 məhbusun qətliamı arxasında məhz onun dayandığı Liviyada çoxlarında şübhə doğurmur.

- Paris məhkəməsi onu 1989-cu ildə Fransa təyyarəsini partlatmaqda ittiham edərək, qiyabi qaydada məhkum edib.

- Şotlandiya polisi onu Lokerbi kəndi üzərində partladılmış sərnişin təyyarəsi ilə əlaqədar sorğu-sual etmək istəyir.

Al Senussi-nin özü 2011-ci ildə “Ərəb baharı inqilabı” zamanı Liviyadan qaça bilsə də, Mavritaniyada həbs edilərək Liviyaya qaytarılıb.

İndi Haaqa məhkəmsi ədaləti Liviyanı özünə həvalə edib.

Britaniya mətbuatı yazır ki, elə bütün bəlalar da burdan başlanıb. BCM Senussi və Gaddafi-nin böyük oğlu Saif al-Islam barəsində hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə rəsmi ittiham irəli sürüb.

BMT-nin qaydalarına görə Liviya bu işə ədalətlə baxacağını isbat edə bilməsə, işə Haaqa məhkəməsində baxılmalıdır. Oktyabrda BMT Liviyaya işə baxılması üçün icazə verib, hərçənd Senussi ilə qəddar rəftar barədə iddialar olub və Liviya bildirib ki, işə

Alamuddin-i və ya BCM-in hər hansı vəkillərini buraxmayacaq. Xanım Alamuddin “Observer” qəzetinə bildirib ki, BCM-in Liviyaya güzəştə gedən qərarı təhlükəlidir, beləki məhkəmənin vəkillərinə bircə dəfə də olsun, Liviyaya getmək müyəssər olmayıb.

Amal Alamuddin-in hay-küylü işləri

Beynəlxalq aləmdə çox səriştəli vəkil sayılan Alamuddin vaxtilə WikiLeaks-in banisi Julian Assange-ı müdafiə edən komandanın tərkibində olub.

Beyrutda doğulmuş 36 yaşlı vəkilin atası səyahət agenti, anası isə jurnalistdir. Xanım Alamuddin BMT-nin keçmiş baş katibi Kofi Annan-ın müşaviri kimi çalışıb və Britaniyanın xarici işlər naziri William Hague onu müharibə zorlamalarını təhqiq edən palataya dəvət edib.

Bununla belə, Amal Alamuddin-in fəaliyyəti bundan əvvəl də ziddiyyətlər doğurub. Beləki, o bir müddət Bəhreyn kralı Hamad bin Isa al-Khalifa-nın hüquq müşaviri kimi çalışıb. Halbuki, kral insan haqları təşkilatları tərəfindən sistematik işgəncələrdə və repressiyalarda günahlandırılır.

Lakin həmkarları Londonda yaşayan vəkili bacarıqlı, savadlı və mübariz peşəkar kimi təqdim edirlər. Deyirlər ki, o öz döyüşkənliyinə BMT-nin Livan hərbi cinayətlərini araşdıran məhkəməsindəki fəaliyyəti zamanı yiyələnib.

Liviya viza vermir

Amal Liviyaya viza ala bilməyib, ona hətta müştərisi ilə telefon söhbəti etmək imkanı da yaradılmayıb. Məhz buna görə vəkil Senussi-nin qızını axtarıb tapıb. Anoud atasına həbsxanada baş çəkdikdən sonra oğurlanmış və Tripolidə həbsxanaya salınmış, daha sonra Londona qaçmışdı.

Senussi-nin özü isə onu Liviya ədalətinin öhdəsinə buraxmış BCM-in qərarından appelyasiya verib. Müşahidəçilər bildirirlər ki, adamların təsəvvüründə “dünya məhkəməsi” olan BCM-in bu qərarı onun reputasiyasını alt-üst edə bilər. Liviyada ötən ay başlanmış məhkəmə dinləməsinin özü də ziddiyyətlidir. Senussi və Saif al-Islam dinləmə zamanı qandallı şəkildə dəmir qəfəsdə otururlar. Senussi Haaqanı ona vəkil tapmamaqda ittiham edir.

Məsələ burasındadır ki, Zintan şəhərinə nəzarət edən yaraqlılar Saif al-İslam-ı mərkəzi hökumətə belə təslim etmək istəmirlər. Onların saxladıqları 8 məhbusdan 6-ı isə ümumiyyətlə “itib”. Zintandakı əl Hədba həbsxanasında qurulmuş məhkəməyə insan haqları rəsmilərini buraxmırlar. Beynəlxalq hüquqşünaslar dinləməni teatr adlandırılar.

Ən qatı cinayətkarın da vəkil hüququ var

Alamuddin 6 aydır ki, BCM məhkəməsinin hakimlərindən appelyasiyanın qəbul edildiyi barədə qərarı gözləyir. Bu qərar gəldikdən sonra o, prosesin mərkəzi fiquruna çevriləcək.

Mətbuat yazır ki, 12 il əvvəl yaradılmış və milyard dollarlarla xərc tələb edən BCM bürokratik sisteminə görə indiyədək yalnız bir nəfəri – Konqo səhra komandiri Germain Katanga-nı məhkum edə bilib.

Mətbuat yazır ki, Senussi-ni ölüm cəzası gözləyə bilər. Bəziləri onu xilas etməyə çalışan Alamuddin haqqında sual edirlər: “Axı o, çox sayda insanın ölümünə və müsibətinə səbəb olmuş birisini niyə müdafiə etmək istəyir?”.

Bu suala başqa bir Britaniya hüquqşünasi, Saif al-İslamı müdafiə edən vəkil John Jones “Observer”ə müsahibəsində cavab verib: “Ədalət vəkil işinin olmasını tələb edir. Sistem o zaman rəvan işləyir ki, hər iki tərəfdən səriştəli vəkillər olsun”.
XS
SM
MD
LG