Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:32

Əmlakını itirməkdə olan Bakıxanov sakini prezidentdən kömək istəyir


“Sabunçu rayon icra hakimiyyətinin torpaq, ev və obyekt satışı işlərinə baxan Rəfael və Şövqi adlı hüquqşünasları evimə gəldilər, evi gəzdilər, dəyərləndirməyə çalışdılar. Sonra başçının birinci müavini Şakir Alıyev dəfələrlə şəxsi kabinetində və inşaat yerində mənimlə görüşüb bazarlıq etdi. Hər zaman da məni hədələyirdi ki, bizim təklif etdiyimiz qiymətlə və ya şərtlərlə razılaşmasan, peşman olacaqsan, məhkəmə yoluyla da olsa evini əlindən alacağıq”.



BAŞIBƏLALI EV

Həsən Camalov 2008-ci ildə Bakıxanovda Mehmandarov küçəsi 26/1-də bütün qanuni icazə və sənədləri olan 3 mərtəbəli ev tikib. Tikinti-təmiri başa çatdırıb ki, qapını Sabunşu icra hakimiyyətinin rəsmiləri döyüb. Ev sahibinə təklif olunub ki, evini “Bərgüşad-Ş” MMC-yə 200 min ABŞ dollarına satsın. Ev sahibi razılaşmayıb. “Bərgüşad-Ş” şirkəti 11 mərtəbəli bina tikməyə başlayıb. Həsən Camalov: “Mən, heç bir şirkətin rəsmi sahibi ilə görüşməmişəm, mənimlə həmişə əmlakımın qiymət məsələsini icra başçısı Adil Vəliyev və onun müqvini Şakir Alıyev edib. Çünki bu qondarma, adı kağız üzərində olan “Bərgüşad-Ş”nin arxasında elə özləri dayanırlar. Bu 11 mərtəbəli bina evimin kandarında tikiləndən başımıza gəlməyən oyun qalmayıb. 10-cu mərtəbədən 3 tonluq yaş. Beton düz qapımıza tökülüb, azyaşlı qızım təsadüf nəticəsində ölümrən qurtulub. Yanğın olub, ayağımıza mismar girib. Hansını deyim? Hər gün yuxarıdan taxta, dəmir, beton parçaları başımıza tökülür”.

ACLIQ DA KARA GƏLMƏDİ

Mərtəbələr artdıqca binanın dibində qalan ev-eşiyə təhlükə də artıb. Ev sahibi ilk təklif olunan məbləğlə - 200 min dollarla razılaşmır: “55 gün aclıq aksiyası keçirdim. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov məsələ ilə maraqlandı, ancaq icra başçısı Adil Vəliyev maraqlanmadı. Çünki, bütün bunları başımıza gətirən Adil Vəliyev özüdür”.

İndi Həsən Camalov qalıb daşla qaya arasında. Bir tərəfdə 13 uşağın ona zillənən nigaran və qorxmuş baxışları, digər tərəfdə Sabunçu icra hakimiyyəti, Bakı şəhər icra hakimiyyəti, mənşəyi bəlli olmayan “Bərgüşad-Ş” MMC, məhkəmə çəkişmələri…

MƏHKƏMƏLƏR…

Həsən Camalov Sabunçu rayon məhkəməsində şirkətə qarşı iddia qaldırıb. Həsən Camalov tikintinin dayandırılmasını, binanın sökülərək ailəsi üçün təhlükəsiz məsafəyə çəkilməsini tələb edib. Məhkəmə zamanı “Bərgüşad-Ş” şirkəti isə 350 min manat kompensasiya ödəmək şərti ilə ailənin ərazidən köçürülməsi barədə qarşılıqlı iddia verir. Sonda, hakim Süleyman Ağayev qətnamə çıxarır ki, Həsən Camalova 356 manat ödənilsin və evi sökülsün. Eyni vaxtda 2 saylı İnzibati İqtisadi Məhkəmədə də Həsən Camalovun iddiasına baxılır. O, məhkəmədən Bakı Şəhər İcra Hakimiyyətinin “Bərgüşad Ş” MMC-yə tikinti üçün verdiyi sərəncamın ləğvini tələb edir. Qarşı tərəflər olan “Bərgüşad Ş” MMC, Bakı Şəhər İcra hakimiyyəti və Sabunçu rayon İcra Hakimiyyəti iddiaya qarşı çıxırlar. Məhkəmə mülkiyyətçinin iddiasını təmin etmir.

Həsən Camalov: “Halbuki, məhkəmələr açıq-aydın görürlər ki, bina evimin 3 metrliyində tikilib. Qanunun pozulduğu aşkar görünür. Bunu görən ən savadsız adam da qanunun pozulduğunu görür. Ancaq nədənsə hakimlər Süleyman Ağayev və Zaur Tağıyev bu qanun pozuntusunu qanun pozuntusu hesab etmədi”.

“BU EVİ HALAL ZƏHMƏTİMLƏ, BALALARIMIN BOĞAZINDAN KƏSƏRƏK TİKMİŞƏM”

Əmlak sahibi təklif olunan 350 min manatla da razılaşmır. Deyir, bu mülkü tikib başa çatdırmaq ona bu məbləğdən qat-qat baha başa gəlib: “Evimin sahəsi faktiki 576, texniki pasportda isə 488 kv.m-dir. Alıb sökdükləri 1928-ci ilin binasının hər kvadratı üçün 1150-1500 manat ödədikləri halda, mənim evimə əsl dəyərinin yarı qiymətini vermək istəyirlər. Bu istəklərini həyata keçirmək üçün məhkəmələri də özlərinə alət ediblər”.

Ancaq mülk sahibini narahat edən təkcə bu deyil. O, iddia edir ki, “Bərgüşad Ş” MMC-nin arxasında elə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev dayanır: “Deyirəm, və başımla da dediyimə cavabdehəm ki, bu şirkətin arxasında elə Sabunçu rayon icra hakimiyyətinin başçısı dayanır. Özləri satır, özləri alır, özləri sökür, özləri də tikir… Bunu aşkara və rəsmi edə bilmədikləri üçün özlərinə məxsus qondarma şirkətlərin adı altında edirlər”.

ŞİRKƏT HANI?

Şirkətin hüquqi ünvanı Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi ev 80 mənzil 38 göstərilir. Adı sənədlərdə hüquqi ünvan kimi göstərilsə də, bu binanın ikinci mərtəbəsində yerləşən yaşayış mənzilidir. Sahibi də şirkətin keçmiş şəriklərindən biri Yusif Süleymanovdur:

“Mən əvvəllər o şirkətdə şərik olmuşam. Ancaq bu, 2000-ci illərin əvvəlində olub. Sonradan yollarımız ayrılıb. İndi mənim o şirkətlə heç bir əlaqəm yoxdur.

- Ancaq hüquqi ünvanı kimi sizin yaşadığınız ünvan göstərilir…

- Ola bilməz. Bilmirəm niyə mənim ünvanım göstərilir, mən o şirkətlə çoxdan üzülüşmüşəm".

“Bərgüşad-Ş MMC-nin adından Həsən Camalova ünvanlanmış qiymət təklifi ilə bağlı növbəti məktubda isə şirkətin hüquqi ünvanı B.Çobanzadə 1 göstərilib. Bu ünvanı axtara-axtara gəlib çıxırıq “Sarı Gəlin” şadlıq evinə. İşçilərdən şirkətlə bağlı maraqlanırıq. Sənədlərdə adı icraçı direktor kimi keçən Cavid Məmmədovu xəbər alırıq. Çəkilişə razılıq verməyən administrator və mühasib bildirir ki, Cavid Məmmədov şadlıq evinin işçisidir. İndi tikinti işlərinə baxır. Mühasib onu da qeyd edir ki, “Bərgüşad Ş” şirkətinin mühasibatlıq işləri də elə bu şadlıq evinin mühasibatlığında görülür. Onu da öyrənirik ki, şirkətin əvvəlki kağız üzərində olan icraçı direktoru Əlabbas Məmmədov da “Sarı Gəlin” şadlıq evinin işçisi olub. Sonradan işdən çıxarılıb.
Həsən Camalov iddia edir ki, “Sarı Gəlin” şadlıq evinin Sabunçu rayon icra başçısı Adil Vəliyevə məxsusdur. Onun hal-hazırki 1-ci müavini Şakir Alıyev isə həmin şadlıq evinin administratoru olub: “Bu işi hansı tərəfə çevirirəmsə, gəlib icra başçısına çıxır. Bütün Azərbaycan bilir ki, “Sarı gəlin” Adil Vəliyevindir. “Bərgüşad-Ş” MMC rəsmi ünvanı da, onun icraçı direktorları da gəlib bu şadlıq evinə bağlanır”.

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR…

Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Şakir Alıyev Həsən Camalovla razılaşmır:

“Nə Adil Vəliyevin, nə mənim “Sarı gəlin”lə və “Bərgüşad-Ş” MMC ilə heç bir əlaqəmiz yoxdur. Həsən Camalov getsin özü o şirkətlə danışsın. Bizlik bir iş yoxdur.

- Ancaq siz Həsən Camalovla telefon danışıqlarınızda deyirsiniz ki, onsuz da başqa yolun yoxdur, evini verməlisən. Təklif edirsiniz ki, nə pul verilir, onu da götür.

- O şirkətin işçiləri mənim yanımda Həsən Camalova üç variant təklif ediblər. Bu adam onların heç biri ilə razılaşmırsa, kim təqsirkardır?

- Bu şirkətin ünvanlarından biri gedib “Sarı gəlin” şadlıq evinə çıxır, o biri də yaşayış evinə…

- Bunu o şirkət bilər. Bizlik deyil.

- Hüquqi ünvanı müəmmalı olan bir şirkət sizin rayon ərazisində hündürmərtəbəli binalar tikir.

- Burada qaranlıq heç nə yoxdur.

Qeyd edək ki, yeri-yurdu və sahibi qaranlıq qalan, bəlli olmayan “Bərgüşad Ş” şirkəti bu binadan başqa Bakıxanovda daha iki ünvanda hündürmərtəbəli bina tikir. Bu cür şübhəli reputasiyası olan bir şirkətə bu qədər həyati və əhəmiyyətli layihələri kim və necə həvalə edə bilər ?

Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmələr Həsən Camalovun şəxsi əmlakı ilə bağlı iddialarına düzgün hüquqi qiymət verməyiblər: “Həsən Camalovuin əmlakı yalnız o halda məcburi sökülə bilərdi ki, həmin yer dövlət ehtiyacı üçün tələb olunardı. Məhkəmə bunu əsas götürüb müvafiq kompensasiya ilə vətəndaşı köçürə bilərdi. Ancaq indiki durumda hansısa özəl şirkət qazanc əldə etmək üçün bir başqasının əmlakının yerinə göz dikibsə, bu zaman mütləq əmlak sahibinin istəyi nəzərə alınmalıdır. Məhkəmə əmlakın qiymətləndirilməsi zamanı bazar qiymətlərinə üstünlük verməli idi. Görünür bu məhkəmədə əmlakın dəyərləndirilməsi üzrə ekspertiza birtərəfli aparılıb”.

Hüquqşünas mülkiyyətçiyə ümidini üzməməyi və apellyasiya məhkəməsinə müraciət etməyi məsləhət görür.

Həsən Camalov məhkəmələrin qətnamələrindən apellyasiya şikayəti verməyə hazırlaşır. Üstəlik, ölkə başçısını və onun xanımını məlumatlardırmaq, kömək istəmək, mülkünün real dəyərini almaq üçün əlindən gələn bütün imkanlardan istifadə edəcəyini deyir. Ara-sıra gülümsəyərək bir “ordu” adlandırdığı böyük külfətinin küçələrdə qalmaması üçün…

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG