Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 21:47

Müxalifət Paşinyanı impiçment edə bilərmi?


Arxiyepiskop Baqrat Qalstanyan mayın 9-da Yerevanda keçirilən mitinqdə
Arxiyepiskop Baqrat Qalstanyan mayın 9-da Yerevanda keçirilən mitinqdə

Ermənistanda müxalifət baş nazir Nikol Paşinyan barəsində etimadsızlıq səsverməsinin keçirilməsi proseduruna hazırlaşdığını bildirib.

Amma məsələ burasındadır ki, Ermənistan Konstitusiyasına görə belə bir təşəbbüslə çıxış etmək üçün parlamentdəki müxalifət partiyalarına azı 36 səs lazımdır. Hazırda onlar yalnız 35 mandata malikdirlər.

Konstitusiyanın 115-ci maddəsinə görə baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi tələbi ilə çıxış etmək üçün Milli Məclisdəki 107 deputatdan azı 36-sının imzası lazımdır.

Amma parlamentdə keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının 29, daha bir keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının isə 6 deputatı var.

Beləliklə qanun layihəsinin parlamentə təqdim oluna bilməsi üçün müxalifətə daha bir imza lazımdır.

Hüquqi-texniki məsələlər

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, belə olduğu halda müxalifətin iki yolu qalır: ya 2021-ci ildə “Şərəfim var” fraksiyasını tərk etmiş İşxan Zakaryanı imzasını verməsi üçün yola gətirmək, ya da bu təşəbbüsə qoşulmaları üçün hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlarından kimlərisə cəlb etmək.

Hayastan fraksiyasından deputat Geğam Manukyan Azatutyuna deyib ki, hazırda Paşinyanın impiçmenti prosesi müzakirə olunur.

Qanuna görə baş nazirin istefasını tələb edənlər, həm də onun yerinə namizədlərini verməlidirlər.

Geğam Manukyan deyib ki, “hüquqi və texniki məsələlərə daha sonra aydınlıq gətiriləcək”.

Müxalifətin müzakirələri davam etdirdiyi bir vaxtda hakimiyyət hər hansı iqtidar deputatının impiçment prosesinə qoşulacağını istisna etdiyini bildirib.

Hətta 36-cı imza tapılsa da...

Şərhçilər bildirirlər ki, hətta müxalifət tələb olunan 36-cı imzanı əldə etsə belə, daha sonra qərar 48 saatdan tez, 72 saatdan gec olmayaraq səsə qoyula bilər.

Qətnamə deputatların sadə çoxluğu ilə qəbul edilə bilər, amma bunun üçün müxalifətə 54 səs, yəni əlavə olaraq 18 səs lazım olacaq. Bu isə hazırkı şəraitdə demək olar qeyri-mümkündür.

Qanuna görə baş nazirə etimadsızlıq səsverməsi iflasa uğrayarsa, növbəti səsvermə altı aydan tez keçirilə bilməz.

İqtidar deputatları bildirirlər ki, elə bu səbəbdən müxalifət meydana yüz minlərlə etirazçı toplamağa çalışır. Hazırda bu rəqəm bir neçə on mindir.

Bu da xəbər verilir ki, iqtidar deputatlarından Hovik Ağazaryan müxalifətçilərdən polisə şikayət verdiyini bildirib.

Ağazaryan iddia edir ki, müxalifət hazırda Respublika meydanında keşiş Baqrat Qalstantanyanın keçirdiyi mitinqə pulla ələ alaraq iştirakçılar gətirir.

Geğam Manukyan bu iddianı qətiyyətlə rədd edib.

Arxiyepiskop Kanada vətəndaşı çıxdı

Hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Hovik Ağazaryan bəyan edib ki, hakimiyyətin 71 deputatından heç kim müxalifətin təşəbbüsünə qoşulmayacaq.

Ağazaryan müxalifəti qanunsuz addımlar atmaqla dövlət çevrilişinə hazırlıqda ittiham edib.

O deyib ki, hazırda arxiyepiskop Baqrat Qalstanyanı dəstəkəyənlər iki il bundan əvvəl Baqramyan küçəsində çadırlar quraraq Paşinyanın istefasını tələb edən eyni qüvvələrdir:

"Birincisi Kanada vətəndaşı, ikili vətəndaşlığı olan Baqrat Qalstanyanı Robert Koçaryan və Serj Sarkisyanın imperiayaya (Rusiyaya-red) xidmət edən tərəfdarları dəstəkləyir”.

Yeri gəlmişkən Qalstanyan Kanada vətəndaşı olduğunu təsdiqləyib.

Arxiyepiskop Qalstanyan mayın 10-da Kanada vətəndaşı olduğunu təsdiq edib
Arxiyepiskop Qalstanyan mayın 10-da Kanada vətəndaşı olduğunu təsdiq edib

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovannisyan deyib ki, hazırda Ermənistanda dövlət çevrilişi etməyin yeganə yolu zorakılığa əl atılmasıdır və iqtidar buna qətiyyən yol verməyəcək:

“Biz diqqət yetiririk ki, Tavuşda guya delimitasiya və demarkasiyaya görə başlanmış bu prosesin təşkilatçıları mayın 9-da keçirilmiş mitinqdə demarkasiya sözünü heç dillərinə də gətirməyiblər”.

Deputat bunu da deyib ki, Yerevanın guya Bakıya birtərəfli güzəştlər etməsinə dair yayılan şayiələr də əsasızdır:

“Kilsə bu məsələdə tam bir iştirakçıdır. Əgər onlar bir vaxtlar daldada hökuməti gözdən salan yalanları yayırdılarsa, biz indi görürük ki, Baqrat katolikosdan birbaşa dəstək alır...”

Növbəti mitinq mayın 12-ə təyin olunub

Mayın 10-da Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarlarının daha bir mitinqi olub.

Bu mitinqdə də keşiş baş nazirin istefasını təkrar tələb edib.

O etirazçıları səbirli olmağa və “gözlədiklərindən daha uzun müddətdə” mübarizəni davam etdiməyə hazır olmağa çağırıb.

Qalstanyan elan edib ki, növbəti mitinq bazar günü, mayın 12-də keçiriləcək.

Azatutyun yazır ki, Qalstanyan və tərəfdarları gündüz saatlarında Ermənistanın əsas dövlət universitetlərinə yürüş keçirərək tələbələri dərslərin boykotuna çağırıb.

Xəbər verilir ki, arxiyepiskopun bu çağırışı geniş dəstəklənməsə də, hər halda bəzi tələbələr etiraza qoşulublar.

Mayın 9-da verilən xəbərlərdə deyilirdi ki, Qalstanyan mitinqi yarımçıq qoyaraq əsas müxalifət partiyasının lideri Robert Koçaryanla görüşə gedib.

Bugün mayın 10-da arxiyepiskop bu xəbərlərin yalan olduğunu və yürüş zamanı zədələnmiş ayaqlarını sarıtmağa getdiyini deyib.

Mayın 10-da antihökumət mitinqinin iştirakçıları
Mayın 10-da antihökumət mitinqinin iştirakçıları

Paşinyanın istefası tələbi cavabsız qalıb

Ermənistanda etirazlar davam edə bilər. Bununla bağlı etiraz hərəkatın nümayəndələri və onların tərəfdarları universitetlərə səfər edərək tələbələrlə görüşməlidirlər.

Mayın 9-da arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aksiyalarının və impiçment prosesinin başladığını elan edib.

Etiraz hərəkatı aprelin 19-da dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdiklərindən sonra başlayıb.

Keşiş Qalstanyan Paşinyana istefa ultimatumu verib

Yerevanda keçirilən izdihamlı mitinqdə Erməni Kilsəsinin Tavuş rayonu dyakonluğunun arxiyepiskopu Baqrat Qalstanyan Azərbaycanla sərhəd razılaşması əldə etdiyinə görə baş nazir Nikol Paşinyanı və onun hökumətini istefa verməyə çağırıb.

Bir neçə gün bundan əvvəl bir neçə yüz etirazçı ilə Tavuşdan yürüşə başlayan Qalstanyan mayın 9-da Yerevanın əsas meydanında keçirilən mitinqdə çıxış edib.

Bakı və Yerevan arasında aprel ayında əldə olunmuş razılaşmaya əsasən tərəflər sərhədin demarkasiyasına başlayıblar.

Bu prosesin gedişində rəsmən Azərbaycana aid dörd kəndin Bakının nəzarətinə verilməsi gerçəkləşdirilməlidir. Bu kəndlər 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.

Tavuş rayonunda qaytarılacaq kəndlərin qonşuluğundakı yaşayış məntəqələrinin bəzi sakinləri demarkasiyaya etiraz edirlər.

Sərhəd razılaşması habelə ABŞ və Avropa İttifaqı tərəfindən alqışlanıb.

Ultimatum

Lakin Yerevanın mərkəzində keçirilən etiraz mitinqində keşiş Qalstanyan Paşinyana istefa üçün yerli vaxtla 19:40-dək vaxt verib.

O vaxtilə Paşinyanın keçmiş prezident Serj Sarkisyana müraciətini olduğu kimi təkrar edib:

“Sənin Ermənistanda artıq heç bir hakimiyyətin yoxdur”.

Yerevanda antihökumət mitinqi
Yerevanda antihökumət mitinqi

Mitinqdə Erməni Kilsəsinin və müxalifətin nümayəndələri fəal iştirak edirlər.

Qalstanyan deyib ki, o bir saat ərzində Paşinyanla görüşərək onun istefasının şərtlərini müzakirə etmək istəyir.

Onun bu çıxışına cavab olaraq iştirakçılar “Nikol satqın” və “İstefa!” şüarlarını səsləndiriblər.

Hökumət hələ ki, etiraz aksiyasına heç bir münasibət bildirməyib.

Paşinyan Kilsəni ittiham etmişdi

Amma son iki həftədə Paşinyan və müttəfiqləri Qalstanyanı və bütövlükdə Erməni Kilsəsini və onun başçısı katolikos II Qaregini ölkədə vəziyyəti qarışdırmaqda və xarici qüvvələrə xidmət etməkdə ittiham ediblər.

Paşinyan iddia edib ki, Ermənistanda "ruhani hakimiyyətini itirmiş Kilsə siyasi hakimiyyət oyunlarına başlayıb".

Baş nazir bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan Hayastan fraksiyasının başçısı Robert Koçaryandır.

O əlavə edib ki, Koçaryan bu məsələdə Moskvanın maraqlarına uyğun hərəkət edir.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.

Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.

Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 40 dirək artıq vurulub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG